"Windows"da mühüm təhlükəsizlik funksiyası ilə bağlı problem yaranıb

"Windows"da mühüm təhlükəsizlik funksiyası ilə bağlı

"Windows Latest" nəşrinin məlumatına görə, Microsoft-un Windows əməliyyat sistemi istifadəçiləri yeni Secure Boot (Təhlükəsiz Yükləmə) təhlükəsizlik sertifikatının quraşdırılması zamanı problemlərlə üzləşirlər.

Məlumata əsasən, hazırda istifadə olunan Secure Boot sertifikatının etibarlılıq müddəti 2026-cı ilin oktyabrında başa çatacaq. Bu sertifikat kompüterin işə salınması zamanı saxta drayverlərin, zərərli proqramların və digər təhlükəli komponentlərin yüklənməsinin qarşısını almaq üçün istifadə olunur.

Microsoft artıq yeni təhlükəsizlik sertifikatının paylanmasına başlasa da, iyul ayının əvvəlindən etibarən bir sıra istifadəçilər yenilənməni quraşdıra bilmədiklərini bildiriblər. Problemin naməlum texniki nasazlıqdan qaynaqlandığı qeyd olunur.

Şirkət bəzi fərdi kompüterlər üçün yeni sertifikatların paylanmasını müvəqqəti dayandırdığını təsdiqləyib. Korporasiyanın açıqlamasına görə, müəyyən cihazlar yenilənməni qəbul edə bilmir və bu problemin aradan qaldırılması üçün kompüter istehsalçıları tərəfindən müvafiq proqram təminatı yeniləmələrinin (patch) hazırlanması gözlənilir.

"Windows Latest" vurğulayır ki, mövcud Secure Boot sertifikatı 2026-cı ilin oktyabr ayına qədər qüvvədə qalır. Bu səbəbdən istifadəçilərin yaxın aylarda köhnə sertifikatla kompüterlərindən istifadə etməsi təhlükəsizlik baxımından ciddi risk yaratmır.

Bununla belə, nəşr xəbərdarlıq edir ki, sertifikatın etibarlılıq müddəti başa çatdıqca problemlərin yaranma ehtimalı artacaq. Sertifikat vaxtında yenilənməzsə, bəzi sistemlər gələcəkdə təhlükəsizlik yoxlamasını keçə bilməyəcək.

Bənzər xəbərdarlıq daha əvvəl PCWorld nəşri tərəfindən də səsləndirilmişdi. Nəşrin məlumatına görə, Microsoft ilin sonunadək Windows istifadəçiləri üçün yeni Secure Boot sertifikatını təqdim etməyi planlaşdırır. Bildirilir ki, aktual təhlükəsizlik sertifikatı quraşdırılmayan bəzi kompüterlər gələcəkdə əməliyyat sistemini normal şəkildə yükləyə bilməyə bilər.

Ekspertlər istifadəçilərə əməliyyat sistemini mütəmadi yeniləməyi və kompüter istehsalçılarının təqdim edəcəyi proqram təminatı düzəlişlərini vaxtında quraşdırmağı tövsiyə edirlər.

MONETAR.AZ