"Nokia" və "Nvidia" mobil rabitə infrastrukturunda yeni mərhələnin əsasını qoya biləcək texnologiyanı təqdim ediblər. Şirkətlər süni intellekt (Sİ) ilə işləyən dünyanın ilk kommersiya radioötürücü şəbəkə (RAN – Radio Access Network) platformasını hazırladıqlarını açıqlayıblar. "Bloomberg"in məlumatına görə, yeni həll operatorlara mövcud şəbəkə infrastrukturu üzərindən daha yüksək ötürmə qabiliyyəti əldə etməyə və tezlik resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək.
"Nokia"nın açıqlamasına əsasən, yeni platforma 2028-ci ilə qədər eyni tezlik diapazonunda ötürülən məlumat həcmini iki dəfəyədək artırmaq potensialına malikdir. Şirkət hesab edir ki, məhsul gələn ildən kommersiya istifadəsinə təqdim olunduqdan sonra tezlik spektrindən istifadə səmərəliliyi hazırkı təxminən 20%-dən 50%-ə yüksələcək.
Platforma üç aparat həlli və bir proqram təminatı modulundan ibarətdir. Texnologiya "Open RAN" standartı ilə tam uyğun işləyir və proqram təminatının yenilənməsi vasitəsilə şəbəkələrin gələcəkdə 6G standartına uyğunlaşdırılmasını mümkün edir. Bu yanaşma operatorlara əlavə infrastruktur dəyişiklikləri olmadan şəbəkələrini modernləşdirmək imkanı yaradacaq.
"Nokia"nın baş icraçı direktoru Castin Hotard bildirib ki, yüksək dəyərə malik radio tezliklərinin daha səmərəli istifadəsi operatorların investisiyalarının gəlirliliyini artıracaq və yeni şəbəkə texnologiyalarına keçidi sürətləndirəcək. Şirkət avadanlıq satışları ilə yanaşı, proqram təminatının abunə modeli əsasında kommersiyalaşdırılmasını da planlaşdırır.
Yeni platforma Avropa telekommunikasiya bazarında 5G şəbəkələrinin genişləndirilməsi prosesinin hələ də davam etdiyi bir dövrdə təqdim olunur. Ekspertlərin fikrincə, operatorlar yüksək investisiya xərcləri və sərt rəqabət səbəbindən 5G layihələrindən gözlənilən gəlirləri əldə etməkdə çətinlik çəkirlər. Yeni Sİ əsaslı həllin isə mövcud infrastrukturun məhsuldarlığını artıraraq bu problemi qismən aradan qaldıracağı gözlənilir.
"Nvidia" və "Nokia" hesab edirlər ki, proqram təminatı ilə idarə olunan yeni nəsil RAN arxitekturası mobil şəbəkələrin iş prinsipini dəyişəcək. Məlumatların istifadəçiyə daha yaxın nöqtələrdə emal edilməsi gecikməni minimuma endirəcək, eyni zamanda "Nvidia"nın süni intellekt çiplərinin mobil şəbəkələrdə tətbiq dairəsini əhəmiyyətli dərəcədə genişləndirəcək.
"Nvidia"nın baş direktoru Censen Huanq bildirib ki, şirkətlər "NVIDIA CUDA" platformasını baza tezlik zolağına inteqrasiya etməklə radioötürücü şəbəkəni qlobal miqyasda fəaliyyət göstərən süni intellekt hesablama platformasına çevirməyi hədəfləyirlər. Onun sözlərinə görə, bu yanaşma mobil rabitə sənayesi üçün tamamilə yeni texnoloji mərhələnin başlanğıcı hesab olunur.
MONETAR.AZ