"Nvidia" Asiyadakı müştərilərinin yarıdan çoxuna çip tədarükünü dayandırıb

"Nvidia" Asiyadakı müştərilərinin yarıdan çoxuna

ABŞ-ın texnologiya nəhəngi "Nvidia" ixrac nəzarəti qaydalarını sərtləşdirərək süni intellekt (Sİ) çiplərini almaq hüququ olan Asiya müştərilərinin sayını iki dəfədən çox azaldıb. "Financial Times" (FT) qəzetinin mövzu ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, şirkət yeni komplayens (tənzimləyici tələblərə uyğunluq) yoxlamalarının nəticələrinə əsasən müştərilərin yenilənmiş "ağ siyahı"sını formalaşdırıb. Məqsəd qabaqcıl çiplərin qanunsuz yollarla Çinə ötürülməsinin qarşısını almaqdır.

Məlumata görə, "Nvidia" əvvəllər də alıcıların ABŞ-ın ixrac nəzarəti qaydalarına uyğunluğunu yoxlayırdı. Lakin son aylarda tətbiq edilən prosedurlar əvvəlkilərlə müqayisədə xeyli sərtləşdirilib. Şirkət həm uyğunluq meyarlarını genişləndirib, həm də yerində aparılan audit və təftişlərin həcmini artırıb. FT-nin mənbələri bildirirlər ki, bu addımlar Vaşinqtonun təzyiqi fonunda atılıb və ABŞ administrasiyasının ixrac məhdudiyyətlərindən yan keçən vasitəçi şirkətlərin fəaliyyətini məhdudlaşdırmaq strategiyasının tərkib hissəsidir.

Şirkətin nümayəndəsi FT-yə açıqlamasında bildirib ki, qanunvericiliyin tələblərinə tam riayət olunması "Nvidia" üçün prioritet olaraq qalır və şirkət bütün hüquqi öhdəliklərini yerinə yetirir.

Yeni yoxlama mexanizmi çərçivəsində "Nvidia" əməkdaşları müştərilərin data mərkəzlərini yerində yoxlayır, müqavilələri təhlil edir və son istifadəçilərlə müsahibələr keçirirlər. Məqsəd yüksək məhsuldarlıqlı Sİ çiplərinin həqiqətən bəyan olunan layihələrdə istifadə olunduğunu təsdiqləməkdir. FT-nin məlumatına görə, bu prosesdə ABŞ Ticarət Nazirliyi də nəzarət və koordinasiya funksiyasını həyata keçirir.

Yoxlamaların nəticəsində Asiya regionunda şirkətin əvvəlki müştərilərinin yarıdan çoxu "ağ siyahı"dan çıxarılıb. Bununla belə, uyğunluq tələblərini yerinə yetirə bilməyən şirkətlər aşkar olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət etmək imkanına malik olacaqlar. Mənbələrin sözlərinə görə, məhdudiyyətlərdən ən çox təsirlənənlər süni intellekt xidmətləri üzrə ixtisaslaşan "neocloud" provayderləri olub.

Məsələ ABŞ hüquq-mühafizə orqanlarının son araşdırmaları fonunda daha da aktuallaşıb. Mart ayında ABŞ prokurorları "Supermicro" şirkətinin həmtəsisçilərindən birini və bir neçə əməkdaşını Cənub-Şərqi Asiya vasitəsilə "Nvidia" çipləri ilə təchiz edilmiş serverlərin Çinə qanunsuz ixracını təşkil etməkdə ittiham ediblər. Daha sonra "Bloomberg" mənbələri bu sxemdə Tailandın "OBON" şirkətinin də iştirakının araşdırıldığını bildirib. İddialara görə, qabaqcıl "Nvidia" çipləri məhz bu marşrut vasitəsilə Çinin texnologiya nəhəngi "Alibaba" üçün əlçatan ola bilərdi.

MONETAR.AZ