"Nvidia" çip alan Asiyalı müştərilərin siyahısını iki dəfə azaldıb

"Nvidia" çip alan Asiyalı müştərilərin siyahısını

ABŞ-ın texnologiya nəhəngi "Nvidia" ixrac nəzarəti qaydalarına əməl olunmasını gücləndirmək məqsədilə Asiyadakı müştəriləri üçün komplayens prosedurlarını sərtləşdirib. "Financial Times" qəzetinin məlumatına görə, bunun nəticəsində şirkətin qabaqcıl süni intellekt çiplərini almaq hüququ olan müştərilərinin sayı yarıdan çox azalıb.

Məlumata əsasən, şirkət məhsullarının satışına icazə verilən müştərilər üçün yeni "ağ siyahı" formalaşdırıb. Eyni zamanda, Sinqapur, Malayziya və Yaponiyadakı alıcılar üzrə etibarlılıq yoxlamaları (due diligence) daha sərt qaydalar əsasında həyata keçirilməyə başlanıb.

Nəşrin məlumatlı mənbələrinin bildirdiyinə görə, yenilənmiş yoxlama mexanizmi əvvəlki müştərilərin yarıdan çoxunun siyahıdan çıxarılması ilə nəticələnib. Bununla belə, qayda pozuntularını aradan qaldıran şirkətlər yenidən müraciət edərək təsdiq almaq imkanı əldə edəcəklər.

Məlumata görə, bu addımlar ABŞ hökumətinin Çin şirkətlərinin ixrac məhdudiyyətlərindən yan keçərək "Nvidia"-nın qabaqcıl süni intellekt çiplərinə çıxış əldə etməsinin qarşısını almağa yönəlmiş daha geniş nəzarət siyasətinin tərkib hissəsidir.

"Financial Times" yazır ki, şirkət komplayens prosedurlarını Vaşinqtonun artan təzyiqi fonunda sərtləşdirib.

Bu ilin mart ayında ABŞ prokurorları "Supermicro" şirkətinin həmtəsisçilərindən birinə və daha iki əməkdaşına qarşı Çinə təxminən 2,5 milyard dollar dəyərində "Nvidia" çiplərinin qanunsuz ixracının təşkilində iştirak etdikləri iddiası ilə ittiham irəli sürüblər.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, həmin sxemdə Cənub-Şərqi Asiyada fəaliyyət göstərən şirkətlərdən biri vasitəçi kimi istifadə olunaraq "Nvidia" çipləri Tayvandan Çinə göndərilib.

Vaşinqton 2021-ci ildən etibarən Çinə yüksək məhsuldarlıqlı süni intellekt çiplərinin ixracına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir. Bununla belə, ötən il ABŞ hakimiyyəti "Nvidia"-ya daha əvvəlki nəsilə aid H200 çiplərinin müəyyən şərtlərlə satışına icazə verib.

Pekin isə bu qərara etiraz edərək ölkə daxilində H200 çiplərinin satışını məhdudlaşdırıb. Analitiklər hesab edirlər ki, bu addım həm ABŞ texnologiyalarından asılılığın azaldılması, həm də yerli yarımkeçirici sənayesinin inkişafının sürətləndirilməsi məqsədi daşıyır.

MONETAR.AZ