Windows 11 üçün 8 GB RAM yetərli deyil

Windows 11 üçün 8 GB RAM

"Microsoft"un Windows 11 əməliyyat sistemi üçün tövsiyə etdiyi minimum 8 giqabayt operativ yaddaş (RAM) müasir istifadə ssenarilərində kifayət etmir. Bu qənaətə texnologiya nəşri The Verge tərəfindən aparılan praktiki testlərin nəticəsində gəlinib.

Nəşrin jurnalisti Antonio di Benedetto yeni Microsoft Surface Laptop modelini sınaqdan keçirərək Windows 11-in real resurs tələbatını qiymətləndirib. Testlər göstərib ki, sistem işə salındıqdan dərhal sonra təxminən 4,2 giqabayt operativ yaddaş istifadə edir. Kompüter heç bir əlavə proqram işlətmədən, yalnız gözləmə rejimində (idle) olarkən isə yaddaş sərfiyyatı 6,7 giqabayta qədər yüksəlir.

Müəllifin fikrincə, bu göstəricilər fonunda 8 giqabayt RAM gündəlik istifadə, çoxsaylı tətbiqlərlə işləmək və rahat çoxvəzifəli rejim üçün artıq yetərli hesab edilə bilməz. O, 16 giqabayt operativ yaddaşı Windows 11 ilə işləyən müasir kompüterlər üçün daha uyğun minimum hədd kimi qiymətləndirib.

İcmalda diqqət çəkən məqamlardan biri də yeni Surface Laptop modelinin əvvəlki nəsildə təqdim olunan 16 giqabayt RAM əvəzinə 8 giqabayt yaddaşla satışa çıxarılması olub. Jurnalist hesab edir ki, bu dəyişiklik cihazın maya dəyərini azaltmaq məqsədi daşısa da, istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər.

Ekspert əlavə edib ki, Microsoft əməliyyat sistemində istifadə olunmayan funksiyaların və əlavə komponentlərin optimallaşdırılması hesabına yaddaş sərfiyyatını müəyyən qədər azalda bilər. Bununla belə, hazırkı vəziyyətdə 8 giqabayt RAM-ın 2026-cı ilin tələbləri baxımından kifayət etmədiyini vurğulayıb.

Qeyd edək ki, Microsoft daha əvvəl istifadəçilərə Windows yeniləmələrini dərc olunduqdan sonra ilk üç gün ərzində quraşdırmağı tövsiyə etmişdi. Şirkət bunu təhlükəsizlik boşluqlarını aradan qaldıran vacib yeniləmələrin vaxtında tətbiq olunmasının vacibliyi ilə əsaslandırmışdı.

MONETAR.AZ