Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) növbəti iclasında birhəftəlik repo faiz dərəcəsini ardıcıl dördüncü dəfə 37% səviyyəsində saxlayacağı gözlənilir. Bazar iştirakçıları hesab edirlər ki, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və enerji daşıyıcılarının bahalaşması inflyasiyanın zəifləmə tempini ləngidə biləcəyi üçün tənzimləyici ehtiyatlı mövqeyini qoruyacaq.
"Bloomberg" agentliyinin sorğusunda iştirak edən 20 analitikin hamısı Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahanın sədrliyi ilə keçiriləcək Pul-Kredit Siyasəti Komitəsinin iclasında əsas faiz dərəcəsinin dəyişdirilməyəcəyini proqnozlaşdırıb.
TCMB fevral ayının sonunda İranla bağlı hərbi gərginliyin başlanmasından sonra birhəftəlik repo hərraclarını dayandıraraq maliyyələşməni 40%-lik gecəlik kredit dərəcəsi üzərindən həyata keçirməyə başlamışdı. Bu addım bazar tərəfindən de-fakto pul-kredit siyasətinin sərtləşdirilməsi kimi qiymətləndirilmişdi.
"Bloomberg"in yaydığı məlumata görə, tənzimləyicinin mövqeyi ilə tanış mənbələr bildiriblər ki, Mərkəzi Bank gecəlik kredit faizinin aşağı salınması və ya repo hərracları vasitəsilə həftəlik maliyyələşmənin bərpası variantlarını müzakirə edir. Bununla belə, mövcud siyasətin dəyişdirilmədən saxlanılması hələ də ən real ssenari hesab olunur.
Agentliyin daha əvvəl yaydığı məlumata əsasən, Fatih Karahan investorlarla görüşündə bildirib ki, Mərkəzi Bank pul-kredit siyasətində hər hansı dəyişiklik etməzdən əvvəl iyul ayı üzrə inflyasiya göstəricilərini qiymətləndirmək və Yaxın Şərqdəki geosiyasi vəziyyətin inkişafını izləmək niyyətindədir.
Analitiklər hesab edirlər ki, inflyasiya dinamikası və enerji qiymətlərinin gələcək hərəkəti TCMB-nin növbəti aylarda faiz siyasəti ilə bağlı qərarlarında əsas amillərdən biri olacaq.
MONETAR.AZ