Kanadada inflyasiya iyunda enərək son altı ilin minimumuna düşüb

Kanadada inflyasiya iyunda enərək son altı ilin

Kanadada illik inflyasiya iyun ayında enerji daşıyıcılarının ucuzlaşması və baza inflyasiyası göstəricilərinin əhəmiyyətli zəifləməsi fonunda gözləntilərdən daha çox yavaşlayıb. İstehlak Qiymətləri İndeksi (İQİ) illik ifadədə 2,8% artaraq may ayındakı 3,2% səviyyəsindən aşağı düşüb. Bu göstərici "Bloomberg" agentliyinin 2,9%-lik konsensus proqnozundan da aşağı olub.

Kanada Bankının (BoC) inflyasiya dinamikasını qiymətləndirərkən əsas götürdüyü median və trimlənmiş (trimmed) baza inflyasiyası göstəricilərinin orta səviyyəsi 1,85%-ə enib. Bu, 2020-ci ilin sentyabrından bəri ən aşağı göstərici olmaqla yanaşı, son altı ildə ilk dəfə olaraq mərkəzi bankın 2%-lik hədəfindən aşağı düşüb. Bu dinamika ölkədə fundamental qiymət təzyiqlərinin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.

Ümumi inflyasiyanın yavaşlamasında əsas rol benzin qiymətlərinin ucuzlaşması olub. İyun ayında benzin aylıq ifadədə 10,2% ucuzlaşıb. İllik müqayisədə isə qiymət artımı maydakı 33,2%-dən 20,5%-ə qədər zəifləyib. Enerji komponenti nəzərə alınmadıqda İQİ illik 2,2% səviyyəsində qalıb ki, bu da inflyasiyanın azalmasının hələ də əsasən qlobal enerji bazarındakı dəyişikliklərlə əlaqəli olduğunu göstərir.

Ərzaq məhsullarının inflyasiyası da tədricən zəifləyib. Mağazalarda ərzaq qiymətləri üzrə illik artım may ayındakı 4,3%-dən 3,9%-ə enib. Bununla belə, ərzaq inflyasiyası artıq ardıcıl 17-ci aydır ki, ümumi inflyasiya səviyyəsini üstələyir və ev təsərrüfatlarının büdcəsinə təzyiq göstərməkdə davam edir.

Eyni zamanda, xidmət sektorunda qiymət artımı yüksək olaraq qalır. FİFA Dünya Çempionatı ilə əlaqədar turizm fəallığının artması fonunda mehmanxana xidmətləri, aviaşirkət biletləri və avtomobil icarəsi qiymətləri yüksəlib. "CIBC" bankının baş iqtisadçılarından Endryu Qrantem Toronto və Vankuver kimi ev sahibi şəhərlərdə müşahidə olunan bu artımı uzunmüddətli inflyasiya meyli deyil, müvəqqəti amillərlə əlaqələndirib.

Nəticədə, İQİ aylıq ifadədə 0,4% azalaraq 2024-cü ilin dekabrından bəri ən kəskin aylıq geriləməni qeydə alıb. Qrantemin fikrincə, baza inflyasiyasının zəifləməsi fonunda Kanada Bankının ilin sonuna qədər uçot dərəcəsini mövcud səviyyədə saxlaması ehtimalı yüksəkdir.

MONETAR.AZ