ABŞ və Çin arasında əldə olunan ticarət atəşkəsinə baxmayaraq, Çindən ABŞ-a nadir torpaq elementlərindən hazırlanan maqnitlərin tədarükü ticarət müharibəsindən əvvəlki səviyyədən xeyli aşağı olaraq qalır. "Bloomberg" agentliyinin məlumatına görə, bu vəziyyət Vaşinqtonun Pekinin razılaşma üzrə öhdəliklərini tam yerinə yetirməsi ilə bağlı narahatlığını artırır.
Gömrük statistikasına əsasən, cari ilin ilk altı ayında ABŞ-a ixrac edilən nadir torpaq maqnitlərinin həcmi 2022–2024-cü illərin orta göstəricisindən təxminən 20% az olub. Həmin dövr Pekinin Donald Trampın tarif siyasətinə cavab olaraq ixrac məhdudiyyətləri tətbiq etməsindən əvvəlki mərhələni əhatə edir.
Çinin nadir torpaq maqnitləri və digər strateji xammalın ixracını məhdudlaşdırmayacağına dair öhdəliyi ötən ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında əldə olunan ticarət razılaşmasının əsas elementlərindən biri hesab olunur. Bu məhsullar elektromobil istehsalı, sənaye avtomatlaşdırılması, müdafiə sənayesi və yüksək texnologiyalar üçün kritik əhəmiyyət daşıyır.
Mənbələrin bildirdiyinə görə, Ağ Ev və ABŞ Ticarət Nümayəndəliyi Ofisinin (USTR) rəsmiləri hesab edirlər ki, Çin razılaşmanı Vaşinqtonun gözlədiyi səviyyədə icra etmir. Bununla belə, Donald Tramp administrasiyası hələlik məsələni açıq qarşıdurma mərhələsinə keçirmək niyyətində deyil. ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir də bildirib ki, Pekin nadir torpaq elementləri ilə bağlı öhdəliklərini yerinə yetirmək baxımından "hələ tam istənilən nəticəni göstərmir".
Hazırda Çin dünya üzrə nadir torpaq maqnitləri istehsalının 90%-dən çoxuna nəzarət edir. ABŞ və müttəfiqlərinin alternativ tədarük zəncirlərinin formalaşdırılması isə uzun illər tələb edən proses hesab olunur. Bu səbəbdən Amerika sənayesi hələ də Çinin ötən ilin aprelində tətbiq etdiyi ixrac məhdudiyyətlərinin təsiri altında qalır.
Gömrük məlumatları göstərir ki, tədarük həcmləri son aylarda müəyyən sabitlik nümayiş etdirsə də, əvvəlki səviyyəyə çatmayıb. Cari ilin ilk yarısında ABŞ-a aylıq orta ixrac 479 ton təşkil edib. Müqayisə üçün, 2022–2024-cü illərdə bu göstərici orta hesabla 586 ton olub. Statistikaya hazır məhsulların tərkibində ABŞ-a idxal edilən nadir torpaq maqnitləri daxil edilməyib.
MONETAR.AZ