DİM İdarə Heyətinin sədri media nümayəndələrini təbrik edib

DİM İdarə Heyətinin sədri media nümayəndələrini

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

O bildirib ki, Azərbaycan milli mətbuatının tarixi təkcə informasiya yayımının deyil, həm də xalqın maariflənməsi, milli şüurun formalaşması və cəmiyyətin inkişafı tarixidir.

Məleykə Abbaszadə qeyd edib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti elmə, təhsilə və tərəqqiyə çağırış etməklə milli mətbuatın əsasını qoyub. Onun sözlərinə görə, XIX əsrin sonu və XX əsrin əvvəllərində fəaliyyət göstərən qəzet və jurnallar maarifçiliyi əsas missiyalarından biri hesab edərək cəmiyyətin inkişafında mühüm rol oynayıblar.

DİM sədri vurğulayıb ki, həmin dövrün ziyalıları mətbuat vasitəsilə insanları oxumağa, düşünməyə, elmə və dünyəvi təhsilə təşviq edir, cəhalətə, geriliyə və sosial ədalətsizliyə qarşı mübarizə aparırdılar. Onun fikrincə, "Molla Nəsrəddin" kimi nəşrlər cəmiyyətin problemlərini göstərməklə yanaşı, insanlarda özünütənqid və dəyişiklik iradəsi formalaşdırırdı.

Məleykə Abbaszadə bildirib ki, bu gün texnologiyalar hər kəsə informasiya yaratmaq və yaymaq imkanı versə də, bu, peşəkar jurnalistikanın əhəmiyyətini azaltmır. Əksinə, informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətin dürüst, qərəzsiz və peşəkar sözə ehtiyacı daha da yüksəlib.

Onun sözlərinə görə, jurnalist yalnız yazıları ilə deyil, həm də şəxsiyyəti, mövqeyi və davranışı ilə cəmiyyətin etimadını qazanmalıdır. O vurğulayıb ki, hər bir jurnalist yazdığı mövzunu dərindən araşdırmalı, faktları dəqiqliklə yoxlamalı və istifadə etdiyi hər sözün məsuliyyətini daşımalıdır.

DİM sədri qeyd edib ki, müasir texnologiyalar məlumat əldə etməyi asanlaşdırsa da, peşəkar vicdanı, analitik düşüncəni və həqiqəti yanlış məlumatdan ayırmaq bacarığını əvəz edə bilməz.

Məleykə Abbaszadə bildirib ki, sözün təsirli olması üçün onu yüksək səslə demək vacib deyil. Onun fikrincə, əsas olan insanın özünə qarşı dürüst olması, qarşısındakı insanlara hörmətlə yanaşması, həqiqəti emosiyadan, faktı fərziyyədən və dəyərli fikri informasiya səs-küyündən ayıra bilməsidir.

O əlavə edib ki, Dövlət İmtahan Mərkəzi mətbuatda və sosial şəbəkələrdə yayımlanan materialları daim diqqətlə izləyir və peşəkar, əsaslandırılmış tənqidi yüksək qiymətləndirir. Onun sözlərinə görə, jurnalistlərin diqqətə çatdırdığı problemlər və obyektiv tənqid qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verir.

Sonda Məleykə Abbaszadə qeyd edib ki, milli mətbuatın baniləri sözü xalqın maariflənməsinə xidmət edən müqəddəs missiya kimi qəbul edirdilər. O, müasir Azərbaycan jurnalistikasının da bu maarifçilik ənənəsinə sadiq qalaraq cəmiyyətin düşünməsinə, həqiqəti dərk etməsinə və daha yaxşı gələcəyin qurulmasına xidmət edəcəyinə inandığını bildirib.

DİM sədri bütün media nümayəndələrinə peşəkar prinsipiallıq, müstəqil düşüncə, cəmiyyətin etimadını qorumağı və sözlərinə daim sadiq qalmağı arzulayaraq Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb.