ABŞ ilə İran arasında hərbi qarşıdurmanın dərinləşməsi qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır. Dünya Bankının baş iqtisadçısı İndermit Gillin "Reuters" agentliyinə verdiyi açıqlamaya görə, münaqişənin uzanması inflyasiyanın yenidən sürətlənməsinə, mərkəzi bankların faiz dərəcələrini artırmasına və dünya iqtisadi artımının ötən ilki 2,9%-dən 1,3%-ə qədər enməsinə səbəb ola bilər.
Avqustun sonunda vəzifəsini tərk edəcək İndermit Qill bildirib ki, Dünya Bankı iyun ayında hazırladığı iqtisadi proqnozlarda üç fərqli ssenari nəzərdən keçirmişdi. Onun sözlərinə görə, hərbi əməliyyatların ən azı altı ay davam etməsini nəzərdə tutan ən mənfi ssenari artıq reallığa çevrilmək üzrədir. Bu halda qlobal inflyasiyanın 4,5%-ə yüksələcəyi gözlənilir.
Baş iqtisadçı qeyd edib ki, münaqişənin uzanması və Yaxın Şərqdə neft infrastrukturunun zədələnməsi yalnız enerji bazarlarını deyil, həm də kənd təsərrüfatı sektorunu ciddi təzyiq altında qoyacaq. Gübrə, helium və kükürd kimi strateji məhsulların tədarükündə yaranacaq fasilələr ərzaq təhlükəsizliyi ilə bağlı problemləri daha da dərinləşdirə bilər.
Son günlər regionda gərginlik daha da artıb. ABŞ İranın cənub və qərbində yerləşən hədəflərə zərbələr endirib. Buna cavab olaraq Tehran Bəhreyn, Küveyt və İordaniyadakı ABŞ obyektlərini hədəfə alıb. Eyni zamanda Hörmüz boğazında gəmiçilik fəaliyyətində problemlər yaranıb, İranın dəstəklədiyi Yəmən husiləri isə Bəb əl-Məndəb boğazı vasitəsilə Səudiyyə Ərəbistanından həyata keçirilən dəniz daşımalarına blokada elan edib.
Qill hesab edir ki, bu vəziyyətdən ən çox zərər görəcək ölkələr pandemiyanın təsirlərindən hələ tam bərpa olunmayan və yüksək borc yükü daşıyan inkişaf etməkdə olan dövlətlər olacaq. Onun sözlərinə görə, faiz dərəcələrinin yüksəlməsi həmin ölkələrin borclanma xərclərini artıracaq, nəticədə hökumətlər təhsil və səhiyyə kimi sosial sahələrdə xərcləri azaltmaq məcburiyyətində qala bilərlər.
“Məncə, buna hələ bir neçə ay var, çünki faiz dərəcələri hələ yüksəlməyə başlamayıb. Bu, sadəcə qatarın tədricən qəzaya doğru hərəkət etməsinə bənzəyir”, – deyə Dünya Bankının baş iqtisadçısı xəbərdarlıq edib.
Artıq maliyyə bazarlarında gərginliyin ilk əlamətləri müşahidə olunur. Bir sıra ölkələr Beynəlxalq Valyuta Fondundan kredit limitlərinin artırılmasını istəyib. Pakistan isə ABŞ-dan 10 milyard dollar həcmində valyuta sabitləşdirmə mexanizmi təqdim olunmasını xahiş edib.
Dünya Bankının iyun proqnozuna əsasən, aşağı və orta gəlirli ölkələrin 40%-i, yəni 32 dövlət, hazırda ya borc böhranı yaşayır, ya da belə risklə üz-üzədir. Faiz dərəcələrinin yüksəlməsi bu siyahının daha da genişlənməsinə səbəb ola bilər.
Məlumata görə, inkişaf etməkdə olan ölkələrin dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ildə orta hesabla 74% təşkil edib. Müqayisə üçün, pandemiyadan əvvəl bu göstərici 50–55% intervalında idi. Gill vurğulayıb ki, ABŞ, Çin və Hindistan kimi iri iqtisadiyyatlar münaqişənin təsirlərinə nisbətən daha davamlı olsa da, inkişaf etməkdə olan ölkələr daha ağır iqtisadi zərbə ala bilər.
Bununla yanaşı, Dünya Bankı inkişaf etməkdə olan iqtisadiyyatlar üçün müsbət perspektivlərin də mövcud olduğunu bildirir. Bankın son təhlillərinə əsasən, süni intellekt texnologiyalarının tətbiqi bu ölkələr üçün mühüm inkişaf imkanları yarada bilər. Hesabata görə, aşağı gəlirli ölkələrdə süni intellekt səbəbindən əmək bazarında risk altında olan əhalinin payı cəmi 10% təşkil edir. İnkişaf etmiş iqtisadiyyatlarda isə bu göstərici 30–40% arasında dəyişir.
İndermit Qill hesab edir ki, süni intellekt uzunmüddətli perspektivdə inkişaf etməkdə olan ölkələrin iqtisadi artımını son onilliklərdə görünməmiş səviyyələrə çatdıra bilər. Bununla belə, o vurğulayıb ki, bu transformasiyanın cari onillik ərzində tam reallaşacağı ehtimalı yüksək deyil.
MONETAR.AZ