Emal sənayesində məhsul istehsalı 2,5 faiz artıb

Emal sənayesində məhsul istehsalı

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda emal sənayesində 10 milyard 912,6 milyon manat dəyərində məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə qida məhsullarının istehsalı 9,9 faiz artaraq 2 milyard 736,4 milyon manata çatıb. Tütün məmulatlarının istehsalı 19,4 faiz, toxuculuq sənayesi üzrə istehsal 34 faiz, geyim istehsalı 9,4 faiz, dəri və ayaqqabı istehsalı 20,6 faiz artıb.

Ağac emalı və ağac məmulatlarının istehsalı 35,5 faiz, kağız və karton istehsalı 11,1 faiz, poliqrafiya məhsullarının istehsalı isə 1,8 faiz yüksəlib. Tikinti materiallarının istehsalında 4,7 faiz, metallurgiya sənayesində 6,6 faiz, elektrik avadanlıqlarının istehsalında 6,7 faiz artım qeydə alınıb.

Ən yüksək artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında müşahidə olunub. Bu sahədə istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 142,6 milyon manata çatıb. Sair nəqliyyat vasitələrinin istehsalı 2,6 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 20,5 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman malları və tibb avadanlıqlarının istehsalı isə 25,8 faiz artıb.

Bununla yanaşı, bəzi fəaliyyət növlərində azalma qeydə alınıb. Belə ki, neft məhsullarının istehsalı 5,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 9,9 faiz, içki istehsalı 2,5 faiz, mebel istehsalı 9,7 faiz, hazır metal məmulatlarının istehsalı 21,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 41,9 faiz, maşın və avadanlıqların istehsalı isə 70,5 faiz azalıb.

MONETAR.AZ