Dərman və maska istehsalı kəskin artıb

Dərman və maska istehsalı

2026-cı ilin yanvar–iyun aylarında ölkədə kimya sənayesi, əczaçılıq məhsulları, eləcə də rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində bir sıra məhsullar üzrə artım müşahidə olunub.

Hesabat dövründə lak-boya məmulatlarının istehsalı 22 min 891 ton təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz, qeyri-üzvi kimyəvi maddələrin istehsalı 12 min 680 tona çataraq 14,5 faiz artıb. Yapışqan və yapışdırıcı maddələrin istehsalı isə 86 min ton olmaqla 2,6 faiz yüksəlib.

Əczaçılıq sənayesində də müsbət dinamika davam edib. Belə ki, dərman istehsalı 12 milyon 310,8 min manat olmaqla 39 faiz, tibbi maska istehsalı isə 3,3 milyon ədədə çataraq 73,7 faiz artıb.

Rezin və plastik kütlə məmulatlarının istehsalında da artım qeydə alınıb. Polietilendən başqa digər plastmas kisə və çantaların istehsalı 4 min 617,5 ton olmaqla 99,5 faiz, döşəmə, divar və tavan üçün plastik örtüklərin istehsalı 377,7 min kvadratmetr olmaqla 87,2 faiz, məsaməli plastik kütlədən lövhələrin istehsalı 15,4 faiz, digər plastmasdan tikinti məmulatlarının istehsalı isə 12,1 faiz artıb. Polietilendən kisə və çantaların istehsalı 8 min 304,8 ton təşkil edərək 4,9 faiz yüksəlib, sərt plastmasdan boruların istehsalında isə 0,5 faizlik artım qeydə alınıb.

Bununla yanaşı, kimya sənayesində bəzi məhsullar üzrə istehsal azalıb. Təsirsiz qazların istehsalı 3,5 faiz, azot istehsalı 8,5 faiz, üzvi kimyəvi maddələrin istehsalı 32,9 faiz, o cümlədən metanol istehsalı 41,7 faiz, karbamid istehsalı 21,1 faiz, ilkin formada plastik kütlə istehsalı isə 19,2 faiz azalıb. Rezin və plastik kütlə məmulatları arasında plastmas butulkaların istehsalı 1,8 faiz, plastmas çubuq, mil və profillərin istehsalı isə 2 faiz aşağı düşüb.

MONETAR.AZ