Mərakeşin Milli Statistika Agentliyi (HCP) ölkə iqtisadiyyatının artım tempinin növbəti illərdə zəifləyəcəyini proqnozlaşdırır. Qurumun bazar ertəsi yaydığı hesabata əsasən, iqtisadi artımın cari il üzrə gözlənilən 4,8% səviyyəsindən 2027-ci ildə 3%-ə enəcəyi gözlənilir.
Agentlik bildirir ki, bu proqnoz cari ildə bol yağıntılar hesabına kənd təsərrüfatında müşahidə olunan güclü bərpanın müvəqqəti xarakter daşıdığı fərziyyəsinə əsaslanır. Hesabata görə, 2027-ci ildə taxıl məhsuldarlığının uzunmüddətli orta səviyyəyə qayıdacağı nəzərə alınıb ki, bu da ümumi iqtisadi artımı zəiflədəcək.
HCP-nin qiymətləndirməsinə əsasən, cari əməliyyatlar hesabının kəsiri ötən il ÜDM-in 2,4%-i səviyyəsində olduğu halda, 2026-cı ildə 3,9%-ə qədər genişlənəcək. 2027-ci ildə isə bu göstəricinin 3,6%-ə qədər cüzi azalacağı gözlənilir. Agentlik bunu qlobal ticarət fəallığının zəifləməsi və Mərakeş məhsullarına xarici tələbin azalması ilə əlaqələndirir.
Dövlət maliyyəsi sahəsində isə daha müsbət dinamika proqnozlaşdırılır. HCP hesab edir ki, vergi daxilolmalarının artması dövlət xərclərinin yüksəlməsini qismən kompensasiya edəcək və nəticədə büdcə kəsiri 2026-cı ildə ÜDM-in 3,4%-indən 2027-ci ildə 3,2%-ə qədər azalacaq.
Eyni zamanda, dövlət borcunun da cüzi şəkildə azalacağı gözlənilir. Proqnozlara əsasən, bu göstərici 2026-cı ildə ÜDM-in 76,5%-i səviyyəsindən 2027-ci ildə 76,1%-ə enəcək. Bu isə hökumətin fiskal dayanıqlığı tədricən yaxşılaşdıracağına dair gözləntiləri əks etdirir.
MONETAR.AZ