Yaxın Şərqdə genişlənən hərbi gərginlik qlobal enerji daşımalarına yeni zərbə vurub. "Reuters" agentliyinin məlumatına görə, Asiya bazarları üçün nəzərdə tutulmuş Səudiyyə neftini daşıyan iki tanker İran tərəfindən dəstəklənən Yəmən husilərinin təhdidlərindən sonra Qırmızı dənizdə geriyə dönərək marşrutunu dəyişib.
Qərar husilərin bazar ertəsi günü Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra qəbul olunub. Yəmənin şimalı və qərbinə, o cümlədən Qırmızı dəniz sahillərinə nəzarət edən qruplaşma daşıyıcı şirkətlərə ünvanladığı məktubda Səudiyyə neftini yükləyən və ya boşaldan istənilən gəminin hədəf alınacağını bildirib.
Məlumata görə, hər iki tanker Çin və Hindistan üçün nəzərdə tutulmuş xam nefti Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Yanbu limanında yükləyib. Gəmilər normal şəraitdə Bab əl-Məndəb boğazı vasitəsilə Hind okeanına çıxmalı idi, lakin təhlükəsizlik riskləri səbəbindən istiqaməti dəyişərək Süveyş kanalı tərəfə yönəlib.
Analitiklər qeyd edirlər ki, Hörmüz boğazında yaranan fasilələrdən sonra Qırmızı dəniz marşrutu Səudiyyə neftinin əsas alternativ ixrac kanallarından birinə çevrilmişdi. Yanbu limanına boru kəmərləri ilə nəql olunan milyonlarla barel neft məhz bu marşrut vasitəsilə Asiya alıcılarına çatdırılırdı.
ABŞ prezidenti Donald Tramp vəziyyətlə bağlı açıqlamasında husilərin hələlik Bab əl-Məndəb boğazını tam bağlamadığını bildirib və belə bir addım atılacağı təqdirdə cavab veriləcəyini vurğulayıb.
Bu hadisə ABŞ və İran arasında davam edən qarşılıqlı zərbələr fonunda baş verir. ABŞ artıq ardıcıl bir neçə gecədir İran ərazisindəki hədəflərə hava zərbələri endirir. Bundan əvvəl İran ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı obyektlərinə hücum etmiş, Hörmüz boğazında isə bir neft tankerinin vurulduğu bildirilmişdi.
Bazar iştirakçıları hesab edirlər ki, həm Hörmüz boğazı, həm də Bab əl-Məndəb boğazı ətrafında risklərin artması qlobal neft və neft məhsulları tədarükünü daha da həssas edir və qiymətlər üzərində əlavə təzyiq yaradır.
MONETAR.AZ