"Boeing" şirkətinin baş icraçı direktoru (CEO) Kelli Ortberq bildirib ki, şirkətin yeni kommersiya təyyarəsi proqramına başlamazdan əvvəl maliyyə vəziyyətini və əsas fəaliyyətini sabitləşdirməsi üçün daha bir neçə ilə ehtiyacı var.
Ortberq bu barədə Böyük Britaniyada keçirilən Farnboro Beynəlxalq Aviasiya Sərgisində CNBC telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda şirkətin əsas prioriteti "737 MAX" modelinin varisini hazırlamaq deyil, mövcud istehsal proseslərini və maliyyə dayanıqlığını bərpa etməkdir.
CEO qeyd edib ki, yeni təyyarə proqramına başlamazdan əvvəl üç əsas şərt yerinə yetirilməlidir. Bunlardan ən vacibi isə şirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılmasıdır.
"İlk növbədə, biz buna hazır olmalıyıq. Bu isə maliyyə vəziyyətimizin qaydasına salınmasını nəzərdə tutur. Hazırda bütün diqqətimizi buna yönəltmişik və istədiyimiz nəticəyə çatmaq üçün bizə daha bir neçə il lazımdır", – deyə Ortberq bildirib.
Onun sözlərinə görə, aviaşirkətlər də "Boeing" rəhbərliyini yeni model hazırlamaqdansa, mövcud təyyarələrin etibarlılığının artırılmasına və istehsal həcmlərinin genişləndirilməsinə üstünlük verməyə çağırırlar. Bu isə şirkətin onilliyin ikinci yarısından əvvəl yeni darfüzelyajlı sərnişin təyyarəsini təqdim etməsinin real görünmədiyini göstərir.
Ortberq xatırladıb ki, son illərdə istehsalat problemləri, keyfiyyət qüsurları və xüsusilə 2024-cü ilin yanvarında "737 MAX 9" təyyarəsində qapı panelinin uçuş zamanı qopması şirkətin fəaliyyətinə ciddi zərbə vurub. O vurğulayıb ki, yeni təyyarənin hazırlanması üçün yalnız texnoloji imkanlar deyil, həm də kifayət qədər bazar tələbi formalaşmalıdır.
Bu arada, "Airbus" şirkətinin baş icraçı direktoru Qiyom Fori bildirib ki, Avropa aviaistehsalçısı təxminən 2030-cu ilə qədər yeni nəsil darfüzelyajlı təyyarəni təqdim etməyi, onun kommersiya istismarına isə 2030-cu illərin ikinci yarısında başlamağı planlaşdırır.
Forinin sözlərinə görə, "Airbus" hazırda darfüzelyajlı təyyarələr bazarında lider mövqeyini qorumağa çalışır və əsas diqqətini mövcud modellərin istehsal həcminin artırılmasına yönəldib.
Həm "Boeing", həm də "Airbus" pandemiyadan sonra yaranmış təchizat zənciri problemləri ilə mübarizəni davam etdirir. Bu səbəbdən hər iki şirkət aviaşirkətlərin yeni təyyarələrə olan yüksək tələbatını hələ də tam şəkildə qarşılaya bilmir.
MONETAR.AZ