Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə qatarların tutumu əhəmiyyətli dərəcədə genişləndirilib.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına görə, həyata keçirilən tədbirlər çərçivəsində qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqonu əlavə olunub. Bununla sərnişin vaqonlarının sayı (vaqon-restoran istisna olmaqla) 6-dan 13-ə yüksəlib, ümumi sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb.
Beləliklə, marşrut üzrə sərnişin yerlərinin sayı ilkin göstərici ilə müqayisədə təxminən 120% artıb. ADY bildirir ki, əlavə vaqonların istismara verilməsi sərnişinlərə daha geniş seçim imkanı yaratmaqla yanaşı, daha çox vətəndaşın bu istiqamətdə səyahət etməsinə şərait yaradır.
Qurumun məlumatına əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə yüksək doluluq beynəlxalq dəmir yolu daşımalarına marağın artdığını göstərir. İndiyədək bu istiqamətdə 23 minə yaxın sərnişin daşınıb, qatarların doluluq səviyyəsi isə 100% təşkil edib. Xüsusilə Gürcüstandan Azərbaycana səfərlər üzrə tələbat yüksək olduğundan satışa çıxarılan biletlər qısa müddətdə tükənir. Bu tendensiya əsasən yay mövsümündə və bayram günləri ərəfəsində müşahidə olunur.
ADY qeyd edir ki, marşrut üzrə biletlərin satış dinamikası, sərnişin axını və vaqonların doluluq göstəriciləri mütəmadi təhlil edilir. Təhlillərin nəticələrinə əsasən, qatarların tərkibinin genişləndirilməsi və əlavə vaqonların istismara verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bildirilib ki, bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, hərəkət qrafiki, stansiyaların imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla, qarşılıqlı razılaşdırma əsasında həyata keçirilir. Məhz buna görə də sərnişin tutumunun artırılması mərhələli şəkildə reallaşdırılır.
Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə vaqonların istismara verilməsi istiqamətində Gürcüstan tərəfi ilə zəruri texniki və əməliyyat işləri davam etdirilir.
ADY vurğulayıb ki, qurum sərnişin tələbatını davamlı təhlil etməyə, mövcud resurslardan səmərəli istifadə etməyə və marşrutun imkanlarını mərhələli şəkildə genişləndirməyə davam edəcək.