Dünyanın aparıcı hərrac evlərindən biri olan RM Sotheby’s gələn ay nadir kolleksiya avtomobillərindən biri – Pagani Huayra Roadster modelini satışa çıxaracaq. Bu avtomobil model xəttində mexaniki sürətlər qutusu ilə təchiz edilmiş ilk nüsxə olması ilə seçilir.
Hipermobil həm də ilk sahibi ilə diqqət çəkir. Avtomobil məşhur Call of Duty oyun seriyasının yaradıcılarından biri olan amerikalı videooyun tərtibatçısı Vins Zampellaya məxsus olub. Zampella ötən ilin dekabrında Kaliforniyada Ferrari 296 GTS idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Ekspertlərin qiymətləndirməsinə görə, avtomobil hərracda 5–7 milyon ABŞ dolları arasında qiymətə satıla bilər.
"Ulduz müharibələri" film seriyasındakı Dart Veyderin flaqman döyüş gəmisinin şərəfinə "Executor" adlandırılan bu xüsusi nüsxə ABŞ bazarı üçün hazırlanmış ən bahalı və ən geniş fərdiləşdirilmiş Huayra Roadster modellərindən biri hesab olunur. Ümumilikdə bu modelin 148 üstüaçıq versiyası istehsal edilib. Bunlardan 100-ü standart Roadster, 40-ı Huayra Roadster BC, 8-i isə Imola Roadster versiyasıdır.
Avtomobilin kuzovu göy çalarlı karbon lifindən hazırlanıb və mavi-ağ dekor elementləri ilə tamamlanıb. Standart versiyadan fərqli olaraq, hipermobil genişləndirilmiş aerodinamik paketlə təchiz edilib. Buraya yenilənmiş ön bamper, sabit arxa spoyler, mühərrik bölməsinin üzərində yerləşən "akula üzgəci" formalı aerodinamik element və damdakı hava giriş sistemi daxildir. Salon isə qara və mavi dəri üzlük, titan detallar və karbon lifindən hazırlanmış elementlərlə işlənib.
Maraqlıdır ki, Vins Zampella bu eksklüziv avtomobildən demək olar ki, istifadə etməyib. Odometr göstəricisi cəmi 85 kilometr təşkil edir.
Hipermobil 6,0 litrlik iki turbinli AMG V12 mühərriki ilə təchiz olunub. Güc aqreqatı 846 at gücü və 1 049 Nm fırlanma anı hasil edir. Mühərrik yeddi pilləli Xtrac mexaniki transmissiyası ilə birlikdə çalışır və bu kombinasiya modeli dünyanın ən nadir mexaniki ötürməli hipermobillərindən birinə çevirir.
![]()
MONETAR.AZ