Startaplar və vençur investisiyalarını tənzimləyən qanun qüvvəyə minib

Startaplar və vençur investisiyalarını

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib. Bununla da Azərbaycanda startap ekosistemi və vençur investisiyalarının hüquqi əsaslarını genişləndirən yeni mexanizmlər qüvvəyə minib.

Qanunvericiliyə ilk dəfə olaraq işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə anlayışı daxil edilib. Yeni mexanizm şirkətlərə işçilərinə pay və ya səhmləri güzəştli şərtlərlə, yaxud ödənişsiz təqdim etmək imkanı yaradır. Payların tam mülkiyyətə keçməsi müəyyən müddət şirkətdə işləmək və ya konkret biznes hədəflərinə nail olmaq kimi şərtlərlə əlaqələndirilə bilər.

Dəyişikliklərə əsasən, əmək müqaviləsinə ştat ixtisarı, sağlamlıq vəziyyəti və ya işçinin öz istəyi ilə xitam verildikdə müəyyən hallarda qazanılmamış payların bir hissəsi qazanılmış hesab edilə bilər. Əksinə, əmək intizamının pozulmasına görə işdən çıxarılan şəxslər qazanmadıqları pay hüquqlarını itirəcək.

Qanun həmçinin işçilərə verilən pay və səhmlərin əməkhaqqı hesab edilmədiyini və əməkhaqqının əvəzi kimi istifadə oluna bilməyəcəyini müəyyən edir.

Mülki Məcəlləyə edilən dəyişikliklərlə şirkət iştirakçıları və səhmdarların öz aralarında korporativ müqavilələr bağlamasına hüquqi əsas yaradılıb. Bu müqavilələrdə səsvermə qaydaları, payların satışı, mübahisələrin arbitraj yolu ilə həlli və xarici hüququn tətbiqi kimi məsələlər tənzimlənə bilər.

Bununla yanaşı, vençur investisiya bazarında geniş istifadə olunan Tag-along (birgə satış hüququ), Drag-along (məcburi satış hüququ) və ROFR (ilk imtina hüququ) kimi mexanizmlər də qanunvericilikdə təsbit olunub.

Yeni dəyişikliklər investorların maraqlarının qorunmasına xidmət edən ləğvetmə zamanı üstünlük hüququ (Liquidation Preference) və anti-dilution mexanizmlərini də hüquqi çərçivəyə daxil edir. Bundan əlavə, şirkətlərə gələcəkdə paya çevrilə bilən maliyyə alətlərindən, o cümlədən konvertasiya olunan borc və SAFE (Simple Agreement for Future Equity) mexanizmlərindən istifadə etmək imkanı verilir.

Qanuna əsasən, vençur kapitalı fondları və akkreditə olunmuş investorlar tərəfindən Azərbaycandan kənarda fəaliyyət göstərən innovativ layihələrə gələcək iştirak payının əldə edilməsi məqsədilə investisiya köçürmələri Mərkəzi Bankın müəyyən edəcəyi qayda və limitlər çərçivəsində həyata keçiriləcək.

Yeni hüquqi mexanizmlərin Azərbaycanda startap ekosisteminin inkişafına, innovativ bizneslərin maliyyələşməsinin asanlaşmasına və vençur kapitalı bazarının formalaşmasına töhfə verəcəyi gözlənilir.