4 il davam edən eniş başa çatdı: Tərəvəz istehlakı artmağa başlayıb

4 il davam edən eniş başa çatdı:

İstehlak bazarını qiymətləndirərkən məhsulların yalnız qiymət dəyişiklikləri deyil, əhalinin faktiki olaraq aldığı və istifadə etdiyi məhsulların fiziki həcmi də mühüm göstəricilərdən hesab olunur. 

Statistik məlumatlara əsasən, 2021-ci ildə tərəvəz məhsullarının fiziki istehlak həcmi əvvəlki illə müqayisədə 2,8 faiz, 2022-ci ildə də eyni səviyyədə – 2,8 faiz azalıb.

Azalma 2023-cü ildə daha da sürətlənərək 3,8 faizə çatıb. 2024-cü ildə isə enmə tempi zəifləyib və tərəvəz məhsullarının fiziki istehlak həcmi əvvəlki illə müqayisədə 1,3 faiz azalıb.

2025-ci ildə isə tendensiya dəyişib. Həmin il tərəvəz məhsullarının fiziki istehlak həcmi əvvəlki illə müqayisədə 2,3 faiz artaraq son beş ildə ilk dəfə müsbət dinamika nümayiş etdirib.

Beləliklə, 2021–2024-cü illərdə tərəvəz istehlakında ardıcıl azalma müşahidə olunsa da, 2025-ci ildə bu sahədə bərpa prosesi başlayıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə kartof məhsullarının fiziki istehlak həcmi əvvəlki illə müqayisədə 23,5 faiz, meyvə məhsullarının istehlakı isə 0,2 faiz artıb. Bu göstəricilər tərəvəz istehlakında qeydə alınan artımın kartof bazarındakı yüksəlişdən zəif, meyvə məhsulları ilə müqayisədə isə daha yüksək olduğunu göstərir.

MONETAR.AZ