Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşları üçün “Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim təşkil edib.
DİM-dən bildirilib ki, təlim 24 iyul 2026-cı il tarixində Mərkəzin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən keçirilib.
Təlimin əsas məqsədi iştirakçıların dəyişən şəraitdə effektiv qərarvermə, adaptiv davranış və strateji çeviklik bacarıqlarını inkişaf etdirmək olub.
Tədbir çərçivəsində dinamik iş mühitinin xüsusiyyətləri, dəyişkən mühitin əsas komponentləri və VUCA modeli (Volatility, Uncertainty, Complexity, Ambiguity) haqqında ətraflı məlumat verilib. Həmçinin bu amillərin fərdi qərarvermə prosesinə təsiri izah olunub.
İştirakçılara qərarların optimallaşdırılması məqsədilə analitik və strukturlaşdırılmış düşüncə üsullarından istifadə yolları təqdim edilib. Təlim zamanı Pros & Cons, SWOT təhlili və OODA Loop kimi beynəlxalq metodologiyalar əsasında ən səmərəli qərarların seçilməsi mexanizmləri izah olunub.
Bundan əlavə, emosional və rasional yanaşmaların uzlaşdırılması, çevikliklə qərar optimizasiyasının inteqrasiyası və adaptiv qərarvermə modeli əsasında balanslaşdırılmış qərar strukturlarının formalaşdırılması mövzularına da toxunulub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, müxtəlif praktiki situasiyalar üzrə davranış strategiyaları və mümkün həll yolları müzakirə edilib.