Qobustan qəsəbəsində yeni avtomobil körpüsünün tikintisi başa çatıb

Qobustan qəsəbəsində yeni avtomobil körpüsünün

Qobustan qəsəbəsi ərazisində M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində inşa olunan yeni avtomobil körpüsünün tikintisi yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, layihə çərçivəsində istismar müddətini başa vurmuş köhnə körpü sökülərək onun yerində müasir mühəndislik standartlarına cavab verən yeni biraşırımlı körpü inşa edilib.

Məlumata görə, körpü müasir layihələndirmə və tikinti tələblərinə uyğun şəkildə inşa olunub. Layihə çərçivəsində körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma yollarında abadlıq işləri aparılıb, təhlükəsizlik çəpərləri, piyada səkiləri və digər yol infrastrukturu elementləri quraşdırılıb.

Tikinti işlərinin başa çatdırılması ilə yeni körpü nəqliyyat vasitələrinin istifadəsinə verilib. Yeni infrastrukturun sözügedən avtomobil yolu üzrə hərəkətin təhlükəsizliyini və nəqliyyat axınının fasiləsizliyini daha da artıracağı gözlənilir.