Bu gün qlobal neft bazarında qiymətlər enişini davam etdirərək bir həftədən artıq müddətin ən aşağı səviyyəsinə düşüb. Bazar iştirakçıları ABŞ və İran arasında diplomatik həll ehtimalını qiymətləndirərkən, geosiyasi risk mükafatının azalması neft kotirovkalarına təzyiq göstərib. Bu barədə Reuters məlumat yayıb.
Materialın hazırlandığı vaxt Brent markalı neftin oktyabr fyuçersləri 2,4% ucuzlaşaraq bir barel üçün 83,81 dollara enib və iyulun 15-dən bəri ən aşağı səviyyəni görüb. ABŞ-ın WTI markalı xam nefti isə 2,47% dəyər itirərək 80,57 dollaradək geriləyib.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Vaşinqtonun İranla "müsbət danışıqlar" apardığını və razılaşma əldə olunması üçün imkanların mövcud olduğunu bildirib. Bununla yanaşı, o, danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi əməliyyatların bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Tehran da öz növbəsində mümkün eskalasiya halında cavab tədbirləri görəcəyini bəyan edib.
UBS-in analitiki Covanni Staunovonun sözlərinə görə, Hörmüz boğazından gəmi keçidlərinin hələ də aşağı səviyyədə qalmasına baxmayaraq, bazar Oman və İran arasında boğazın fəaliyyətinin normallaşdırılması istiqamətində aparılan danışıqların müsbət nəticə verəcəyinə ümid edir.
Məlumata görə, Oman İrana Hörmüz boğazında könüllü rüsum mexanizmini və birgə regional idarəetmə modelini nəzərdə tutan təklif təqdim edib.
Gərginlik yalnız Hörmüz boğazı ilə məhdudlaşmır. Bab əl-Məndəb boğazında da gəmiçilik son günlər ciddi təsirə məruz qalıb. Ötən həftə bu marşrutun bağlana biləcəyi ilə bağlı narahatlıqlar neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olmuşdu. Bununla belə, Kpler platformasının məlumatına əsasən, bazar ertəsi Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı 28-ə yüksələrək son dörd günün maksimumunu təşkil edib. Hörmüz boğazında isə tranzit əvvəlki kimi zəif olaraq qalır.
Analitiklər xəbərdarlıq edirlər ki, Yaxın Şərqdə enerji infrastrukturu üçün risklər hələ də yüksək səviyyədədir. Səudiyyə Ərəbistanı ölkənin müxtəlif enerji obyektlərinə, o cümlədən Ər-Riyad istiqamətinə buraxılan pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlayıb və hücumlara görə İraqda fəaliyyət göstərən İran yönümlü silahlı qrupları məsuliyyət daşımaqda ittiham edib.
Eyni zamanda, Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının dron əməliyyatlarına cavab olaraq nefti Qırmızı dənizdə yerləşən Yanbu limanına nəql edən "Şərq–Qərb" boru kəmərinə hücum etdiklərini bildiriblər.
Goldman Sachs hesab edir ki, Hörmüz boğazında gəmiçilik ilin dördüncü rübünədək tam bərpa olunarsa, Brent markalı neftin qiyməti ilin sonuna qədər təxminən 80 dollar/barel səviyyəsinə enə bilər. Bununla belə, bank vurğulayır ki, Qırmızı dənizdə mümkün yeni tədarük kəsintiləri və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna yönələn hücumlar neft və neft məhsullarının qiymətlərində yenidən artım riskini yüksək saxlayır.
MONETAR.AZ