Tankerlər Misirə yönəlir: Səudiyyə neftinin ixrac marşrutları dəyişir

Tankerlər Misirə yönəlir: Səudiyyə neftinin ixrac

Yəməndə fəaliyyət göstərən husilərin hücum təhlükəsi səbəbindən Səudiyyə Ərəbistanının Qırmızı dənizdə yerləşən əsas ixrac terminalında tanker hərəkəti kəskin zəifləyib. Nəticədə, boş çoxböyük xam neft tankerləri (VLCC – Very Large Crude Carrier) Səudiyyə neftini qəbul etmək üçün Misirin Aralıq dənizi sahilində yerləşən Sidi-Kerir terminalına yönəlməyə başlayıb. Bu barədə Bloomberg məlumat yayıb.

Gəmi izləmə sistemlərinin məlumatına əsasən, azı səkkiz VLCC hazırda Sidi-Kerir istiqamətində hərəkət edir və onların avqustun ortalarınadək limana çatacağı gözlənilir. Dövlətə məxsus Saudi Aramco şirkəti ötən həftə husilərin Qırmızı dənizdə bir gəmiyə hücumundan sonra Misir terminalı vasitəsilə əlavə neft partiyaları təklif etməyə başlayıb.

Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki əsas ixrac habı olan Yanbu limanında açıq izləmə sistemlərində heç bir tanker görünməyib. Bununla belə, bəzi gəmilər təhlükəsizlik məqsədilə avtomatik identifikasiya sistemini (AIS) söndürərək yükləmə əməliyyatları apara bilər.

Yanbu İranla hərbi gərginliyin başlanmasından sonra krallığın enerji logistikasında strateji əhəmiyyət qazanmışdı. Terminal ölkəyə Hörmüz boğazından yan keçərək şərq yataqlarından qərb sahilinə sutkada milyonlarla barel xam neft nəql etməyə və ixracı davam etdirməyə imkan verirdi.

Lakin artan təhlükəsizlik riskləri sığorta bazarında da öz əksini tapıb. Bir sıra beynəlxalq sığorta şirkətləri Səudiyyə limanlarına daxil olan tankerlər üçün sığorta təminatını məhdudlaşdırmağa başlayıb. Bu səbəbdən bəzi gəmi sahibləri Qırmızı dəniz marşrutundan istifadə etməkdən çəkinirlər.

Səudiyyə neftinin Sidi-Kerir terminalı vasitəsilə ixracı kombinə edilmiş logistika sxemi əsasında həyata keçirilir. Xam neft əvvəlcə Yanbudan tankerlərlə Misirin Ayn-Suxna limanına çatdırılır, daha sonra isə SUMED (Süveyş–Aralıq dənizi) boru kəməri vasitəsilə Aralıq dənizi sahilində yerləşən Sidi-Kerir ixrac terminalına ötürülərək beynəlxalq bazarlara göndərilir.

Husilərin Bab əl-Məndəb boğazı yaxınlığında hücumlarını intensivləşdirməsi və Qırmızı dənizin cənub hissəsində təhlükəsizlik risklərinin artması fonunda Səudiyyə Ərəbistanı şimal logistika marşrutlarının rolunu daha da gücləndirir.

Kpler analitik platformasının məlumatına görə, bazar ertəsi Bab əl-Məndəb boğazından gəmi hərəkəti davam etsə də, əsasən Rusiya mənşəli xam neft daşıyan tankerlər keçid edib. Son bir həftə ərzində bu marşrutdan əsasən Çin şirkətlərinə məxsus və ya İranla dost münasibətlər saxlayan ölkələrin gəmiləri istifadə edib. Qərb tanker operatorları və daha ehtiyatlı Asiya daşıyıcılarının böyük hissəsi isə Süveyş kanalı üzərindən daha uzun və baha başa gələn alternativ marşruta üstünlük verib.

Eyni zamanda, Hörmüz boğazında tanker hərəkəti minimal səviyyədə qalır. Cənubi Koreyanın Sinokor Group şirkəti tərəfindən idarə olunan Rotterdam Energy supertankeri Oman körfəzində son siqnalını ötürdükdən sonra Fars körfəzində yenidən peyda olub. Bu isə gəminin bölgəyə avtomatik identifikasiya sistemini söndürərək daxil olmuş ola biləcəyini göstərir.

Maraqlıdır ki, hazırda Sidi-Kerir istiqamətində hərəkət edən səkkiz VLCC-dən beşi məhz Sinokor Group tərəfindən idarə olunur. Şirkət fevralın sonlarında İranla münaqişənin kəskinləşməsindən sonra Hörmüz boğazında ən fəal tanker operatorlarından birinə çevrilərək regionun enerji logistikası zəncirində rolunu əhəmiyyətli dərəcədə artırıb.

MONETAR.AZ