Reuters-in müzakirələrlə tanış olan iki mənbəyə istinadən verdiyi məlumata görə, Rusiya dizel yanacağının ixracına tətbiq edilən qadağanı daha bir ay, yəni avqustun sonunadək uzatmağı planlaşdırır. Bununla belə, daxili yanacaq bazarında vəziyyət yaxşılaşarsa, məhdudiyyət avqustun ortalarında ləğv oluna bilər.
Rusiya hökuməti iyulun 8-dən 31-dək dizel ixracını məhdudlaşdırmışdı. Bu qərar Ukrayna dronlarının neft emalı zavodlarına (NEZ) təkrar hücumlarından sonra yaranan yanacaq qıtlığının və qiymət artımının qarşısını almaq məqsədilə daxili bazarın sabitləşdirilməsi üçün qəbul edilmiş tədbirlər paketinin bir hissəsi idi.
Moskva daha əvvəl benzin və aviasiya yanacağının (jet fuel) ixracına da məhdudiyyətlər tətbiq edib. Ötən həftə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak benzinin ixracına qoyulan qadağanın ilin sonunadək uzadılacağını, dizel üzrə məhdudiyyətlərin isə daxili bazar normallaşdıqca aradan qaldırılacağını bildirmişdi.
Dizel ixracına qoyulan qadağa qlobal enerji bazarına da təsir göstərərək dizel təklifini azaldıb və qiymətlərin yüksəlməsinə səbəb olub. Bu təsir hətta Rusiyadan birbaşa yanacaq idxal etməyən ölkələrdə də hiss olunur.
ABŞ-dan sonra dünyanın ikinci ən böyük dizel ixracatçısı olan Rusiyanın ixrac həcmləri qadağadan əvvəl də azalırdı. Bunun əsas səbəbi Ukrayna dronlarının hücumları nəticəsində neft emalı zavodlarında yaranan fasilələr və daxili bazarda təklif çatışmazlığı idi.
Kpler-in məlumatına əsasən, Rusiyadan dizel və qazoyl ixracı iyulun 1–10-u tarixlərində orta hesabla gündə 234 min barel təşkil edib. Müqayisə üçün, bu göstərici iyunda 400 min barel, 2025-ci il üzrə isə orta hesabla 817 min barel olub.
Analitiklər bildirirlər ki, ixrac məhdudiyyətləri qlobal dizel bazarında təklifin daha da azalmasına gətirib çıxarır. Nəticədə Braziliya və Türkiyə kimi Rusiyanın ənənəvi alıcıları ABŞ-dan dizel tədarükü uğrunda Avropa ölkələri və digər iri idxalçılarla daha sərt rəqabət aparmağa məcbur olurlar.
MONETAR.AZ