Neftin dünya bazarında qiyməti yenidən bir barel üçün 100 ABŞ dolları və daha yüksək səviyyəyə yüksələ bilər.
Monetar.az xəbər verir ki, bu barədə Rusiya Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov RT-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda neft bazarında müşahidə olunan qiymət enişi əsasən korreksiya xarakteri daşıyır. Ekspert qeyd edib ki, bundan əvvəl İran və ABŞ arasında hərbi qarşıdurmanın yenidən genişlənəcəyi ilə bağlı xəbərlər fonunda neftin qiyməti sürətlə 100 dollar səviyyəsinə yaxınlaşmışdı.
Yuşkovun fikrincə, hazırda treyderlər mənfəətlərini reallaşdıraraq fyuçers müqavilələrini satırlar ki, bu da qiymətlərdə müvəqqəti geriləməyə səbəb olur.
Ekspert hesab edir ki, bazar üçün əsas risk amili Yaxın Şərqdə davam edən gərginlik olaraq qalır. Onun sözlərinə görə, Hörmüz boğazında daşımalar tam bərpa olunmayacağı təqdirdə qlobal bazarda təklif məhdud qalacaq və bu da neftin bahalaşmasını dəstəkləyəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın İrana zərbələri dayandıracağına dair xəbərlərdən sonra dünya bazarında neft qiymətləri kəskin ucuzlaşmışdı. Həmin vaxt Brent markalı neftin oktyabr fyuçersləri bir barel üçün 86,8 ABŞ dollarınadək geriləmişdi ki, bu da əvvəlki bağlanış qiyməti ilə müqayisədə 5,24 faiz aşağı idi.