ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti faiz qərarının açıqlanmasına 24 saatdan az vaxt qaldığı bir vaxtda maliyyə bazarlarında qeyri-müəyyənlik artır. Konsensus proqnozu uçot dərəcəsinin dəyişdirilməyəcəyini nəzərdə tutsa da, bazar iştirakçılarının getdikcə daha böyük hissəsi 25 bazis bəndi həcmində gözlənilməz faiz artımını mümkün ssenari kimi qiymətləndirir.
Bu mövqeni bölüşənlər arasında Citadel Securities də var. Şirkətin makrostrategiya şöbəsinin rəhbəri Frenk Flayt hesab edir ki, FRS bu iclasda faiz dərəcəsini 25 bazis bəndi artıra bilər. Hazırda bazar iştirakçılarının təxminən 32%-i belə bir addım gözləyir. Bu göstərici əvvəlki günlə müqayisədə bir qədər aşağı olsa da, bir həftə əvvəllə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib.
Faiz artımı ehtimallarının yüksəlməsi iyun–iyul aylarında Yaxın Şərqdə geosiyasi gərginliyin artması fonunda Brent markalı neftin qiymətinin qısa müddət ərzində 100 dolları ötməsi ilə əlaqələndirilir. Hazırda isə WTI markalı neft çərşənbə axşamı sessiyasında təxminən 4% ucuzlaşaraq 79,31 dollar səviyyəsində ticarət olunur ki, bu da inflyasiya təzyiqləri ilə bağlı narahatlıqları müəyyən qədər azaldır.
Bazar iştirakçıları hesab edirlər ki, cari iclasın nəticələri təkcə faiz qərarı ilə deyil, həm də FED rəhbərliyinin gələcək pul-kredit siyasəti ilə bağlı verəcəyi siqnallarla müəyyən olunacaq.
Faiz artımını dəstəkləyən analitiklər bunun mərkəzi bankın inflyasiya ilə mübarizədə qətiyyətini nümayiş etdirəcəyini bildirirlər. Citadel Securities-in fikrincə, belə bir addım FED-in inflyasiya gözləntilərini nəzarətdə saxlamaq əzmini gücləndirə bilər.
Renaissance Macro Research-in baş iqtisadçısı Nil Datta da oxşar mövqe sərgiləyərək qeyd edib ki, bazarın konsensusundan fərqli qərar qəbul etmək üçün hazırkı şərait münasib görünür. Onun fikrincə, əgər FED yaxın aylarda sərtləşdirmə siyasətini davam etdirməyi planlaşdırırsa, bunu daha gec deyil, indidən başlamaq daha məntiqli ola bilər.
UBS Global Research strateqləri də inflyasiya risklərinin yüksək olaraq qalması fonunda faiz artımının onlar üçün sürpriz olmayacağını bildiriblər.
Wrightson ICAP analitikləri isə Reuters-ə açıqlamalarında qərarın hər iki istiqamətdə dəyişə biləcəyini qeyd etsələr də, FED-in faiz dərəcəsini artırmağa meylli ola biləcəyini istisna etməyiblər.
Digər tərəfdən, faiz dərəcəsinin sabit saxlanılmasını daha real ssenari hesab edən ekspertlər də az deyil. Onların fikrincə, pul-kredit siyasətinin sərtləşdirilməsi adətən ardıcıl addımlar tələb edir və tək bir faiz artımı ilə məhdudlaşmaq nadir hallarda baş verir.
Keçmiş FED rəsmisi Ceyms Bullard bildirib ki, faiz artımı qərarı verilərsə, bu, növbəti aylarda da oxşar addımların davam etdirilməsi ehtimalını artıracaq. Onun sözlərinə görə, komitə belə bir öhdəliyi götürməyə tam hazır olmaya bilər.
Bank of America-dan Mark Kabana isə diqqətə çatdırıb ki, 1994-cü ildən bəri federal fondlar üzrə fyuçers bazarı faiz artımı ehtimalını 60%-dən aşağı qiymətləndirdiyi dövrlərdə FED heç vaxt uçot dərəcəsini artırmayıb. Bu səbəbdən belə bir qərar qəbul edilərsə, tarixi baxımdan qeyri-adi hadisə kimi qiymətləndirilə bilər.
Fond bazarları isə qeyri-müəyyənliyə nisbətən sakit reaksiya verir. S&P 500 indeksi sessiya ərzində 0,37% yüksələrək 7 440,96 bənd səviyyəsində ticarət olunur. Bununla yanaşı, investorlar ehtiyatlı mövqelərini qoruyurlar. Volatillik indeksi (VIX) gün ərzində 3,27% azalaraq 18,06 bəndə ensə də, əvvəlki minimum səviyyələrdən hələ də yüksək qalır.
Analitiklərin fikrincə, bazarlar üçün əsas diqqət mərkəzi yalnız faiz qərarı olmayacaq. FOMC bəyanatında istifadə olunacaq ifadələr və rəhbərliyin mətbuat konfransında inflyasiya, iqtisadi artım və növbəti iclaslarla bağlı verəcəyi mesajlar investorların sentyabr ayına dair gözləntilərinin formalaşmasında həlledici rol oynayacaq.
MONETAR.AZ