30 iyul – Beynəlxalq Dostluq Günüdür

 30 iyul – Beynəlxalq

Bu gün dünyada BMT-nin Baş Assambleyası tərəfindən təsis edilən Beynəlxalq Dostluq Günü qeyd edilir.

Monetar.az xəbər verir ki, BMT Baş Assambleyası 4 may 2011-ci il tarixində qəbul etdiyi qətnamə ilə 30 iyul tarixini Beynəlxalq Dostluq Günü elan edib.

Bu təşəbbüs Paraqvay Respublikası tərəfindən irəli sürülüb. Günün əsas məqsədi insanlar, xalqlar və dövlətlər arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı anlaşmanı artırmaq və sülh mədəniyyətini təşviq etməkdir.

BMT hesab edir ki, müxtəlif mədəniyyətlər və cəmiyyətlər arasında dostluq əlaqələrinin inkişafı beynəlxalq sülhün qorunmasına, həmrəyliyin güclənməsinə və münaqişələrin qarşısının alınmasına mühüm töhfə verir.

Hər il 30 iyul tarixində dünyanın müxtəlif ölkələrində dostluq və həmrəylik ideyalarını təşviq edən tədbirlər, görüşlər və maarifləndirici layihələr təşkil olunur.