FED-in qərarı qızılı bahalaşdırdı

FED-in qərarı qızılı

Qızılın qiyməti Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini sabit saxlaması fonunda yenidən bahalaşıb.

Monetar.az xəbər verir ki, qızılın unsiyası çərşənbə günü 4 100 ABŞ dolları səviyyəsinə yüksəlib. Qiymətlər iyulun ortalarında qeydə alınan 9 aylıq minimumdan – 3 975 dollardan – bərpa olunmağa başlayıb.

FED-in faiz dərəcəsini dəyişməməsi qiymətli metal investorları üçün müsbət qarşılanıb. Daha yüksək faiz dərəcələri gəlir gətirməyən aktivlərə, o cümlədən qızıla tələbi adətən azaldır.

FED-in qərarı bazar iştirakçılarının yalnız bir hissəsinin gözləntilərinə uyğun olub. Federal Açıq Bazar Komitəsinin (FOMC) üç üzvü faiz dərəcəsinin artırılmasının tərəfdarı çıxış edib.

Qızıl bazarını dəstəkləyən digər amil isə Yaxın Şərqdə artan gərginlikdir. İranın ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanındakı enerji infrastrukturuna qarşı hücumları fonunda investorların təhlükəsiz aktivlərə marağı artıb.

Bundan əlavə, İngiltərə Bankı və Yaponiya Bankının da bu həftə faiz dərəcələrini dəyişməyəcəyi və inflyasiya ilə bağlı ehtiyatlı mövqe saxlayacağı gözlənilir.