İlham Əliyev diplomatik korpusda kadr dəyişikliyi ilə bağlı sərəncamlar imzalayıb

İlham Əliyev diplomatik korpusda kadr dəyişikliyi ilə bağlı

Dövlət başçısının sərəncamına əsasən, Tahir Tağızadə Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla yanaşı, o, Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Esmira Cəfərova Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Eyni zamanda, Azərbaycanın Serbiya, Monteneqro və Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev tutduğu vəzifədən geri çağırılıb. Digər sərəncamla isə o, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla Qalib İsrafilov Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Xatırladaq ki, bundan əvvəl Rövşən Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri vəzifəsindən geri çağırılmışdı. O, həmçinin Azərbaycanın BMT-nin Vyana bölməsi, ATƏT, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (IAEA) və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı (CTBTO) yanında daimi nümayəndəsi vəzifələrindən də azad edilib.