Saudi Aramco Cizandakı neft emalı zavodunun fəaliyyətini dayandırıb

Saudi Aramco Cizandakı neft emalı zavodunun

Yəməndəki husilərin müəssisənin kritik infrastrukturuna zərbələr endirməsindən sonra Saudi Aramco Cizan şəhərində yerləşən neft emalı zavodunun (NEZ) fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədə Türkiye Today nəşri məlumat yayıb.

Məlumata görə, sutkalıq emal gücü 400 min barel olan zavodun kombinə edilmiş qazlaşdırma və kombinə tsiklli enerji istehsalı kompleksi (IGCC) ilə neft məhsulları rezervuarları zərər görüb. IIR konsaltinq şirkətinin qiymətləndirməsinə əsasən, təmir işlərinin və istehsalın bərpasının avqustun 15-dək başa çatdırılması planlaşdırılır.

Cizan NEZ Saudi Aramco-nun ən müasir emal müəssisələrindən biri hesab olunur. Qırmızı dəniz sahilində, Yəmən sərhədindən təxminən 70 kilometr məsafədə yerləşən kompleks ultraaşağı kükürdlü benzin, dizel yanacağı və aviasiya kerosini istehsal edir. Zavodun Qırmızı dəniz terminalı ilə inteqrasiyası neft məhsullarının Hörmüz boğazından yan keçməklə birbaşa beynəlxalq bazarlara ixracına imkan yaradır. Coğrafi mövqeyi isə onu Səudiyyə Ərəbistanının ən həssas enerji obyektlərindən birinə çevirir.

Husilər şənbə günü Səudiyyə Ərəbistanının Hudeydə şəhərinə endirdiyi hava zərbələrinə cavab olaraq Cizan və Yanbu şəhərlərində yerləşən Saudi Aramco obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə koordinasiyalı hücumlar təşkil etdiklərini bəyan ediblər. Bundan əvvəl qruplaşma beynəlxalq gəmiçilik şirkətlərinə Səudiyyə limanlarına daxil olmamağı tövsiyə etmiş, krallığın Qırmızı dəniz sahillərində yerləşən enerji infrastrukturunu hədəfə alacağını açıqlamışdı. Bu isə enerji təchizatında mümkün fasilələrin yalnız Hörmüz boğazı ilə məhdudlaşmayaraq Bab əl-Məndəb boğazı vasitəsilə həyata keçirilən dəniz marşrutlarına da yayılması ilə bağlı narahatlıqları artırıb.

Bazar ertəsi husilər Səudiyyə Ərəbistanının şərqindəki neft yataqlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu ixrac terminalı ilə birləşdirən "Şərq–Qərb" neft kəmərinə də növbəti hücum həyata keçirdiklərini bildiriblər. Rəsmi Ər-Riyad son aylarda Hörmüz boğazından yan keçmək məqsədilə bu marşrutdan daha intensiv istifadə etdiyindən, kəmər regional geosiyasi gərginlik fonunda strateji risk daşıyan əsas enerji infrastruktur obyektlərindən birinə çevrilib.

MONETAR.AZ