İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan olunub

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları, eləcə də III ixtisas qrupu üzrə həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənnindən 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

DİM-dən bildirilib ki, abituriyentlər nəticələrini, cavab kartı və cavab vərəqəsinin qrafik təsvirlərini, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarlarını (ehtimal olunan doğru cavablar, həll yolları və qiymətləndirmə şkalası) Mərkəzin rəsmi platforması vasitəsilə əldə edə bilərlər.

İmtahan nəticəsini mobil operatorlar (Azercell, Bakcell və Nar) vasitəsilə də öyrənmək mümkündür. Bunun üçün imtahana buraxılış vərəqəsində göstərilən kod 7727 nömrəsinə göndərilməlidir.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 30 300 abituriyentdən 916 nəfər imtahana qatılmayıb. Onlardan 24 997 nəfər I, 5 303 nəfər isə IV ixtisas qrupu üzrə qeydiyyatdan keçmişdi. İştirak etməyənlərin 764 nəfəri I, 152 nəfəri isə IV ixtisas qrupunun payına düşüb.

Qaydaları pozduqlarına görə 16 nəfər imtahandan xaric olunub və onların nəticələri ləğv edilib.

III ixtisas qrupu üzrə həm DT, həm də TC altqruplarını seçən 6 057 abituriyentdən isə 1 256 nəfər coğrafiya imtahanında iştirak etməyib.

İmtahanın nəticələrinə əsasən, I ixtisas qrupu üzrə maksimum 400 balı 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər toplayıb.

Hər iki mərhələnin nəticələri üzrə I ixtisas qrupunda ən yüksək göstərici 697,5 bal olub. Bu nəticəni Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə. Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı əldə ediblər.

IV ixtisas qrupu üzrə isə hər iki mərhələnin yekununda maksimum 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu ən yüksək nəticəni göstərib.

DİM xatırladıb ki, qəbul imtahanının birinci mərhələsində maksimum 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür və müsabiqə hər iki mərhələdə əldə olunan balların cəminə əsasən aparılır.

İmtahan nəticələrindən narazı olan abituriyentlər 29 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək DİM-in internet səhifəsində yerləşdiriləcək elektron ərizə vasitəsilə Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslərin sonradan müraciəti qəbul edilməyəcək.

Elektron ərizədə mübahisələndirilən tapşırığın nömrəsi, müraciətin məzmunu və qiymətləndirmə meyarının hansı bəndinə etiraz edildiyi mütləq göstərilməlidir. Bu məlumatlar təqdim edilmədikdə müraciət araşdırılmayacaq.

Apellyasiya prosesi çərçivəsində bütün müraciətlər ekspertlər tərəfindən araşdırılacaq, yazılı ekspert rəyi ərizəyə əlavə olunacaq və proses başa çatdıqdan sonra abituriyentə SMS bildirişi göndəriləcək. Bundan sonra müraciət edən şəxslər apellyasiya portalına daxil olaraq nəticə və ekspert rəyi ilə tanış ola, həmçinin həmin sənədi çap edə biləcəklər.

DİM bildirib ki, cavab kartında təlimata uyğun olmayan formada qeyd edilmiş cavablarla bağlı, o cümlədən optik oxunma zamanı səhv nəticəyə səbəb olan düzəlişlər üzrə müraciətlərə baxılmayacaq.

Mərkəz abituriyentlərə Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl nəticələrini, cavab vərəqəsinin qrafik təsvirini və qiymətləndirmə meyarlarını diqqətlə nəzərdən keçirməyi tövsiyə edib. Qeyd olunub ki, əvvəlki illərin təcrübəsinə əsasən, apellyasiya müraciətlərinin təxminən 15%-i cavab verilməmiş və ya qiymətləndirmə meyarları ilə müqayisə aparılmadan təqdim edilmiş tapşırıqlarla bağlı olur və bu cür müraciətlərə baxılmır.

Bununla yanaşı, DİM 24 may, 7 iyun, 5 iyul və 12 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsini öyrənmək məqsədilə onlayn sorğu keçirdiyini də xatırladıb. Sorğunun keçidi hər bir abituriyentin nəticə səhifəsində yerləşdirilib və iştirakçılar prosesin daha da təkmilləşdirilməsinə töhfə vermək üçün sorğuda fəal iştirak etməyə dəvət olunublar.