Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqının növbəti çoxillik maliyyə çərçivəsinin xərclərin əhəmiyyətli dərəcədə artırılmasına deyil, daha səmərəli büdcə idarəçiliyinə əsaslanmalı olduğunu bildirib.
Dublinə səfəri zamanı çıxış edən Merts Aİ institutlarında ştat sayının artırılması əvəzinə, bir neçə yüz milyard avro həcmində xərclərin azaldılmasını nəzərdə tutan büdcə layihəsinin hazırlanmasına çağırıb.
Kansler həmçinin kənd təsərrüfatı subsidiyalarının yuxarı həddinin müəyyənləşdirilməsi məsələsində üzv dövlətlərə daha geniş qərarvermə imkanlarının verilməsinin tərəfdarı olduğunu qeyd edib. Onun fikrincə, bu sahədə vahid yanaşmadan daha çox milli xüsusiyyətləri nəzərə alan çevik mexanizmlər tətbiq olunmalıdır.
Fridrix Merts əlavə Aİ səviyyəli korporativ vergilərin tətbiqinə də qarşı çıxaraq, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin qorunması üçün biznes üzərindəki tənzimləmə yükünün azaldılması istiqamətində islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Kanslerin açıqlamaları Avropa İttifaqının növbəti uzunmüddətli büdcəsi ətrafında müzakirələrin intensivləşdiyi və xərclərin prioritetləri ilə bağlı üzv ölkələr arasında fikir ayrılıqlarının davam etdiyi bir dövrə təsadüf edir.
MONETAR.AZ