Bloomberg agentliyinin məlumatına görə, OPEC+ alyansı İranla müharibənin qlobal neft tədarükünə təsirini qiymətləndirməyə davam etdiyi üçün sentyabr ayında nəzərdə tutulan son artımdan sonra hasilat kvotalarının genişləndirilməsini dayandırmağı planlaşdırır.
Məsələ ilə tanış olan iki nümayəndənin bildirdiyinə görə, alyans avqustun 2-də keçiriləcək virtual iclasda sentyabr ayı üzrə gündəlik hasilat kvotasının 188 min barel artırılmasını təsdiqləməyi nəzərdə tutur. Bununla cari artım mərhələsinin başa çatacağı, bu il ərzində isə əlavə kvota artımlarının planlaşdırılmadığı bildirilir. Bununla belə, mənbələrdən biri vurğulayıb ki, bazardakı vəziyyətdən asılı olaraq bu plan dəyişdirilə bilər.
OPEC+ bir neçə ay əvvəl hasilatın mərhələli şəkildə artırılması strategiyasını qəbul etmiş və hələ may ayında sentyabr ayınadək olan kvota artımı cədvəlini təsdiqləmişdi. Lakin Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması nəticəsində regionun əsas istehsalçı ölkələri hasilat və ixracı məhdudlaşdırmaq məcburiyyətində qaldığından, planlaşdırılan artımların praktik təsiri xeyli zəifləyib.
Geosiyasi gərginlik neft bazarında yüksək volatilliyi qoruyur. Brent markalı neftin fyuçersləri ötən həftə bir barel üçün 100 ABŞ dollarını keçsə də, ABŞ ilə İran arasında hərbi əməliyyatların səngiməsi fonunda qiymətlər yenidən 90 dolların altına enib.
Eyni zamanda, İranın Hörmüz boğazında tankerlərə qarşı həyata keçirdiyi hücumlar qlobal neft tədarükü ilə bağlı qeyri-müəyyənliyi artırır. Bu amil OPEC+ üçün bazara əlavə həcmdə neft çıxarılması ilə bağlı qərarların qəbulunu çətinləşdirir və qiymət dəyişkənliyinin yüksək səviyyədə qalmasına səbəb olur.
MONETAR.AZ