Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanlarına başlanılıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il imtahanda iştirak etmək üçün 369 nəfər qeydiyyatdan keçib.
Qabiliyyət imtahanları iyulun 28–30-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (Ayna Sultanova küçəsi, 11) keçirilir.
İmtahan çərçivəsində abituriyentlər rəsm fənni üzrə bacarıqlarını nümayiş etdirirlər. Tapşırığa əsasən, iştirakçılar A3 formatlı kağız üzərində gipsdən hazırlanmış antik başın təsvirini karandaşla çəkməlidirlər.
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. İmtahandan 6 və daha yüksək bal toplayan abituriyentlər məqbul qiymət almış hesab olunurlar.
Qabiliyyət imtahanını uğurla keçən namizədlər ixtisas seçimi zamanı elektron ərizələrində "Memarlıq" ixtisası ilə yanaşı, I ixtisas qrupuna aid digər ixtisasları da seçə biləcəklər.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı ilə bağlı ətraflı məlumat 2026-cı il üçün nəşr olunmuş “Abituriyent” jurnalının “Memarlıq” adlı xüsusi buraxılışında təqdim edilib.