İyulun 28-də “BonAqua” brendi ilə “Qarabağ” Futbol Klubu arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin Baş direktoru Rəna Məmmədova və “Qarabağ” Futbol Klubunun Baş direktoru Emrah Çelikel iştirak ediblər.
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin Baş direktoru Rəna Məmmədova əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “BonAqua” idmanın və sağlam həyat tərzinin təşviqini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir: “Azərbaycanın ən uğurlu futbol klublarından biri olan “Qarabağ” FK ilə tərəfdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq həm idmanın inkişafına töhfə verəcək, həm də azarkeşlər üçün dəyər yaradan layihələrin həyata keçirilməsinə imkan yaradacaq”, - deyə Rəna Məmmədova bildirib.
Tədbirdə çıxış edən Emrah Çelikel də tərəfdaşlığın uğurlu olacağına inandığını, “Qarabağ” FK-nın uzunmüddətli və etibarlı tərəfdaşlıqlara hər zaman böyük önəm verdiyini bildirib. O qeyd edib ki, “BonAqua” kimi keyfiyyət və sağlam həyat tərzi ilə assosiasiya olunan brendin klubun rəsmi su tərəfdaşı olması məmnuniyyət yaradır: “İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq və gələcəkdə birgə həyata keçirəcəyimiz layihələrlə daha da möhkəmlənəcək”.
İmzalanan müqaviləyə əsasən, “BonAqua” qarşıdakı illər ərzində “Qarabağ” FK-nın rəsmi su tərəfdaşı olacaq. Əməkdaşlıq çərçivəsində “BonAqua” klubun əsas komandası və digər fəaliyyət istiqamətlərinin su təminatını həyata keçirəcək. Tərəflər gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar.
İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri təqdim olunub. “Coca-Cola” şirkəti “Qarabağ” üçün hazırlanan xüsusi hədiyyəni, klub isə komandanın formasını təqdim edib.
Qeyd edək ki, “BonAqua” “Coca-Cola” şirkətinin Azərbaycanda istehsal etdiyi təbii içməli su brendidir. Məhsul beynəlxalq keyfiyyət sertifikatlarına və şirkətin yüksək istehsal standartlarına uyğun hazırlanır.
İdmana verdiyi dəstəklə tanınan “BonAqua” indiyədək Azərbaycanda keçirilən “Bakı 2015” I Avropa Oyunları, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, “Tour d’Azerbaijan”, Bakı Marafonu, “Formula 1” Azərbaycan Qran-Prisi və digər mötəbər idman tədbirlərində idmançıların, komandaların, rəsmi nümayəndələrin və azarkeşlərin su təminatında iştirak edib.
Bu tərəfdaşlıq “Qarabağ” FK ilə “BonAqua” arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın başlanğıcı olmaqla yanaşı, sağlam həyat tərzinin təşviqi və Azərbaycan idmanının inkişafına verilən dəstəyin daha bir göstəricisidir.