Avropa İttifaqı (Aİ) Çindən idxal olunan poliamid saplara qarşı anti-dempinq rüsumları tətbiq etməyə başlayıb. Bu barədə bugün Avropa Komissiyası məlumat yayıb.
Komissiyanın apardığı anti-dempinq araşdırmasının yekunlarına əsasən, tətbiq edilən rüsumların dərəcəsi istehsalçıdan asılı olaraq 60%-67,5% arasında dəyişir.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, Aİ-də poliamid sap bazarının həcmi təxminən 400 milyon avro təşkil edir. Sənayedə təxminən 2 min nəfər çalışır. Poliamid sap əsasən tekstil sənayesində müxtəlif növ parçaların və texniki tekstil məhsullarının istehsalında istifadə olunur.
Komissiya bildirib ki, yeni anti-dempinq tədbirləri Aİ istehsalçılarını ədalətsiz qiymətlərlə həyata keçirilən idxaldan qorumaq, daxili bazarda rəqabət mühitini bərpa etmək və Avropa istehsalçılarının fəaliyyət qabiliyyətini dəstəkləmək məqsədi daşıyır.
MONETAR.AZ