Apple və Micron Çin yaddaş çiplərinə görə qarşı-qarşıya gəlib

Apple və Micron Çin yaddaş çiplərinə görə

The Wall Street Journal-ın məlumatına görə, Apple və Micron Technology Çin istehsalı olan yaddaş çiplərinin istifadəsi məsələsində əks mövqelərlə ABŞ Prezidenti Donald Trampın administrasiyasına təzyiq göstərirlər. Ağ Ev istehlak qiymətlərinin aşağı saxlanılması ilə ölkədaxili yarımkeçirici istehsalının genişləndirilməsi arasında seçim qarşısındadır.

Məlumata əsasən, Apple-ın baş icraçı direktoru (CEO) Tim Kuk və şirkətin digər rəhbərləri administrasiya rəsmilərinə müraciət edərək, Çinin ChangXin Memory Technologies (CXMT) və Yangtze Memory Technologies (YMTC) şirkətlərinin istehsal etdiyi yaddaş çiplərinin ABŞ-dan kənarda satılan cihazlarda istifadəsinə icazə verilməsini istəyiblər.

Şirkət hesab edir ki, Çin istehsalçılarının tədarük zəncirinə cəlb edilməsi qlobal yaddaş çipi qıtlığını yumşalda, eyni zamanda amerikalı istehlakçılar üçün məhsulların bahalaşmasının qarşısını ala bilər. Bildirilir ki, Tim Kuk bu məsələni Donald Tramp, ABŞ-ın ticarət naziri Hovard Lutnik və maliyyə naziri Skott Bessent ilə müzakirə edib.

ABŞ-ın ən iri yaddaş çipi istehsalçısı olan Micron Technology isə bu təşəbbüsə qarşı çıxır. Şirkət rəhbərliyi bildirir ki, Amerika texnologiya şirkətlərinə Çin istehsalçılarından yaddaş çipləri almağa icazə verilməsi, məhsulların hansı bazarda satılmasından asılı olmayaraq, ölkədaxili yarımkeçirici sənayesinin inkişafına mənfi təsir göstərə bilər.

Qeyd olunur ki, həm CXMT, həm də YMTC ABŞ Müdafiə Nazirliyi tərəfindən Çinin hərbi sənaye kompleksi ilə əlaqəli şirkətlər kimi qiymətləndirilib. Bundan əlavə, YMTC ABŞ Ticarət Nazirliyinin Entity List siyahısına daxil edilib. Ağ Evin texnologiyalar üzrə müşaviri Maykl Kratsios da qanunvericilər qarşısında çıxışı zamanı Amerika şirkətlərinin bu siyahıda yer alan təşkilatlarla əməkdaşlıq etməməli olduğunu vurğulayıb.

TechInsights-ın məlumatına görə, son bir il ərzində yaddaş çiplərinin qiymətləri təxminən dörd dəfə artıb. Süni intellekt üçün yaradılan məlumat mərkəzləri yüksək qiymətə daha çox qabaqcıl yaddaş çipləri aldığı üçün smartfon, avtomobil və tibbi avadanlıq istehsalçıları arasında tədarük uğrunda rəqabət daha da güclənib.

Apple bu şəraitdə Micron-u bazardakı qıtlıqdan faydalanmaqda ittiham edir. Şirkət bildirir ki, Micron-un ümumi mənfəət marjası (gross margin) 80%-i ötür və yeni istehsal güclərinin əsas hissəsi süni intellekt sektorundakı iri müştərilərə yönəldilir.

Micron isə bununla razılaşmır. Şirkət hesab edir ki, elektron cihazların qiymət artımı yalnız yaddaş çiplərinin dəyəri ilə izah oluna bilməz. Eyni zamanda, Micron ABŞ-da istehsalın genişləndirilməsi üçün 250 milyard dollar investisiya yatıracağını açıqlayıb və yerli istehsal güclərinin artırılması hesabına bazardakı tədarük çatışmazlığının Çin istehsalçılarına ehtiyac olmadan aradan qaldırıla biləcəyini bəyan edib.

Donald Tramp isə hər iki şirkətin ABŞ iqtisadiyyatına yatırdığı investisiyaları yüksək qiymətləndirib. Bununla yanaşı, administrasiya hazırda Çinlə ticarət danışıqları apardığından, Pekinə qarşı yeni texnologiya məhdudiyyətləri ilə bağlı qərarların qəbulu daha mürəkkəb xarakter alıb.

MONETAR.AZ