Azərbaycanda 2021–2025-ci illərdə əsas məhsul qrupları üzrə pərakəndə ticarət dövriyyəsində artım qeydə alınıb. Statistik göstəricilərə görə bu dövrdə kompüterlər, telekommunikasiya avadanlıqları və nəşr məhsullarının pərakəndə satış dövriyyəsi 88 faiz artaraq 509,9 milyon manatdan 956,5 milyon manata yüksəlib.
Qeyd etmək lazımdır ki, sözügedən göstəricilər dəyər ifadəsində hesablandığı üçün artımda həm satış həcminin dəyişməsi, həm də məhsulların qiymətlərindəki artımın təsiri ola bilər. Buna görə də rəqəmlər birbaşa satılan məhsulların sayının və ya real istehlakın eyni nisbətdə artdığını göstərmir.
Hesabat dövründə tekstil məmulatları, geyim və ayaqqabıların satış dövriyyəsi 45 faiz artaraq 6 milyard 645,1 milyon manatdan 9 milyard 654,8 milyon manata çatıb.
Elektrik malları və mebel üzrə pərakəndə satış dövriyyəsi 41 faiz artaraq 2 milyard 254,3 milyon manatdan 3 milyard 183,5 milyon manata yüksəlib.
Əczaçılıq və tibbi məhsulların satışında isə 71 faiz artım qeydə alınıb. Bu kateqoriya üzrə dövriyyə 984,7 milyon manatdan 1 milyard 684,6 milyon manata çatıb.
Bununla yanaşı, avtomobil benzini və dizel yanacağının satış dövriyyəsi 54 faiz artaraq 2 milyard 503 milyon manatdan 3 milyard 856,3 milyon manata, digər qeyri-ərzaq məhsullarının satışı isə 56 faiz artaraq 7 milyard 289,1 milyon manatdan 11 milyard 390,7 milyon manata yüksəlib.
MONETAR.AZ