Avropada bu həftə müşahidə olunacaq yeni isti hava dalğasının elektrik enerjisinə tələbatı artıracağı və Fransanın atom elektrik stansiyalarında (AES) istehsalın məhdudlaşması riskini yüksəldəcəyi gözlənilir. Bloomberg-in məlumatına görə, bu amillər regionda elektrik enerjisinin topdansatış qiymətlərinə artım təzyiqi yaradır.
Proqnozlara əsasən, bu gündən etibarən Avropanın əksər hissəsində temperatur mövsümi normanı üstələyəcək. Yaxın günlərdə Madriddə havanın 39°C-yə, Parisdə çərşənbə günü 38°C-yə, Berlində isə cümə günü 37°C-yə qədər yüksələcəyi gözlənilir.
Fransanın dövlət enerji şirkəti EDF avqustun 1-dən etibarən Trikasten AES-də elektrik istehsalının azaldıla biləcəyi barədə xəbərdarlıq edib. Buna səbəb Rona çayında suyun temperaturunun yüksəlməsi nəticəsində soyutma sistemləri ilə bağlı ekoloji normativlərin pozulması riskidir. Fransadakı atom elektrik stansiyaları reaktorların soyudulması üçün çay suyundan istifadə edir və qüvvədə olan qaydalara əsasən çaylara qaytarılan suyun temperaturu müəyyən həddi keçə bilməz.
ICIS analitiklərinin məlumatına görə, iyun və iyul aylarında tətbiq olunan məhdudiyyətlər son on ildə Fransanın atom elektrik stansiyalarında isti hava ilə əlaqədar ən böyük istehsal itkilərinə səbəb olub.
Bazar iştirakçıları elektrik enerjisinin qiymətlərinin artacağını gözləsələr də, bu yüksəlişin əvvəlki isti dalğası dövründə qeydə alınan rekord səviyyələrə çatmayacağını bildirirlər.
Vitus Commodities şirkətinin analitiki Talha Torlakın sözlərinə görə, axşam saatlarında qiymətlərdə sıçrayışlar müşahidə olunsa da, onların əvvəlki istilik dalğası zamanı qeydə alınan ekstremal səviyyələrə yüksəlməsi ehtimalı aşağıdır. O bildirib ki, bu dəfə Fransanın atom elektrik stansiyalarındakı məhdudiyyətlər daha məhduddur, külək elektrik stansiyalarının istehsalı isə nisbətən yüksək olaraq qalır.
Kpler platformasının proqnozuna əsasən, Almaniyada axşam saatlarında elektrik enerjisinin topdansatış qiyməti çərşənbə günü bir meqavat-saat üçün 216,34 avrodan 265,34 avroya yüksələcək. Fransada isə axşam saatlarında qiymətlərin yenidən 200 avro/MVt-saat həddini aşacağı gözlənilir.
Fransanın elektrik şəbəkəsinin operatoru RTE cümə günü günorta saatlarında ölkədə elektrik enerjisinə tələbatın 55 giqavata çatacağını proqnozlaşdırır. Bu göstərici bir həftə əvvəlki səviyyədən təxminən 6 giqavat yüksəkdir.
Qeyd olunur ki, cari yay mövsümündə müşahidə olunan əvvəlki isti hava dalğaları zamanı yüksək temperatur bəzi qazla işləyən elektrik stansiyalarının istehsalını da məhdudlaşdırmış, nəticədə ayrı-ayrı saatlarda elektrik enerjisinin topdansatış qiyməti bir meqavat-saat üçün 500 avronu keçmişdi.
MONETAR.AZ