Xəzər Dəniz Gəmiçiliyinin bərələri ilə daşınan sərnişinlərin sayı artıb

Xəzər Dəniz Gəmiçiliyinin bərələri ilə daşınan sərnişinlərin

“AZCON Holding” şirkətlər qrupuna daxil olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) bərələri ilə 2026-cı ilin yanvar–iyun aylarında ümumilikdə 13 min 219 sərnişin daşınıb.

ASCO-nun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,41% artıb. Belə ki, 2025-ci ilin ilk altı ayında bərələr vasitəsilə 12 min 783 sərnişin daşınmışdı.

Hesabat dövründə ən yüksək sərnişin axını iyun ayında qeydə alınıb. Həmin ay ASCO bərələri ilə 2 944 nəfər sərnişin səyahət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 25,6% çoxdur.

İlin ilk yarısında Ələt–Kurık və Kurık–Ələt marşrutları üzrə ümumilikdə 8 497 sərnişin daşınıb. Onlardan 4 658 nəfər Ələt–Kurık, 3 839 nəfər isə Kurık–Ələt istiqamətində səfər edib.

Eyni dövrdə Ələt–Türkmənbaşı və Türkmənbaşı–Ələt marşrutları üzrə 4 722 sərnişin daşınıb. Bu marşrutda 2 692 nəfər Ələt–Türkmənbaşı, 2 030 nəfər isə Türkmənbaşı–Ələt istiqamətində səyahət edib.

Məlumatlar Xəzər dənizi üzərindən həyata keçirilən sərnişin daşımalarında artım tendensiyasının davam etdiyini göstərir.