İran və Oman gəmiçiliyin bərpasını müzakirə edir

İran və Oman gəmiçiliyin bərpasını

İran və Oman Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçiliyin bərpası ilə bağlı danışıqları davam etdirirlər. Bloomberg agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, tərəflər boğazda təhlükəsiz dəniz naviqasiyasının yenidən təmin olunmasına dair razılaşma əldə etməyə çalışırlar.

Məlumata əsasən, həftəsonu Tehranda keçirilən görüşdən sonra İran və Oman nümayəndələri texniki və diplomatik məsləhətləşmələri davam etdirirlər. Mənbələrin qiymətləndirməsinə görə, mümkün razılaşma İran və ABŞ arasında dayandırılmış sülh danışıqlarının yenidən başlanması üçün də zəmin yarada bilər.

Müzakirə olunan əsas variantlardan biri Hörmüz boğazının orta keçidinin (mid-channel) yenidən gəmiçilik üçün açılmasıdır. Fevralın sonlarında münaqişənin başlanmasından sonra ticarət gəmilərinin əksəriyyəti təhlükəsizlik səbəbindən bu marşrutdan yayınaraq ya İran sahillərinə yaxın şimal dəhlizindən, ya da Omanın Musandam eksklavı boyunca uzanan cənub marşrutundan istifadə edib. Mənbələrin sözlərinə görə, Oman tərəfi yaxın günlərdə danışıqlarda irəliləyiş əldə olunacağına ehtiyatlı nikbinliklə yanaşır.

ABŞ Prezidenti Donald Tramp da Axios nəşrinə açıqlamasında "dərin danışıqların" aparıldığını təsdiqləyib. Bununla belə, o, bu müzakirələrin birbaşa Hörmüz boğazı ilə bağlı olub-olmadığını dəqiqləşdirməyib. Bildirilir ki, danışıqlarda İran və Omanla yanaşı, Qətər, Pakistan və Misir nümayəndələri, həmçinin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak edirlər.

Mənbələrin məlumatına görə, orta keçiddə ehtimal olunan dəniz minaları gəmiçiliyin tam bərpası qarşısında əsas maneələrdən biridir. Naviqasiyanın təhlükəsiz şəkildə bərpası üçün həmin ərazilərdə minadan təmizləmə (mine countermeasures) əməliyyatlarının həyata keçirilməsi tələb olunur. Böyük Britaniya, Fransa və digər Avropa ölkələri belə əməliyyatlara rəhbərlik etməyə hazır olduqlarını bildirsələr də, bunun yalnız təhlükəsizlik şəraiti tam təmin edildikdən sonra mümkün olacağını vurğulayıblar.

Hörmüz boğazında gəmiçiliyin taleyi Vaşinqton və Tehran arasında münasibətlərin əsas müzakirə mövzularından biri olaraq qalır. İyunun ortalarında İranın nüvə proqramı üzrə danışıqların bərpasını nəzərdə tutan aralıq razılaşma tərəflər arasında yenidən hərbi gərginliyin artması fonunda qüvvədən düşmüşdü. İran tankerlərin hərəkətinə nəzarəti sərtləşdirmiş, ABŞ isə buna cavab olaraq ölkə ərazisində hərbi əməliyyatlara başlamışdı.

Hazırda tərəflər qarşılıqlı zərbələri dayandırsalar da, Hörmüz boğazından keçən gəmi sayı hələ də aşağı səviyyədə qalır. Analitiklər bunu təhlükəsizlik risklərinin tam aradan qalxmaması və gəmiçilik şirkətlərinin ehtiyatlı mövqeyi ilə əlaqələndirirlər.

Eyni zamanda, Tehran münaqişə başlayandan bəri Hörmüz boğazında gəmiçilik üzərində nəzarətin öz səlahiyyətində olduğunu bildirir. İranın Omanla müzakirə etdiyi variantlardan biri boğazın birgə idarəetmə mexanizminin yaradılmasıdır. Məlumata görə, bu model çərçivəsində gəmi hərəkətinin koordinasiyası ilə yanaşı, boğazdan keçən ticarət gəmilərindən müəyyən tranzit rüsumlarının alınması da nəzərdən keçirilir.

MONETAR.AZ