Avrozonada iqtisadi artım proqnozları aşağı salınıb

Avrozonada iqtisadi artım proqnozları

Avropa Mərkəzi Bankının (AMB) 2026-cı ilin üçüncü rübü üzrə Peşəkar Proqnozlaşdıranlar Sorğusu (Survey of Professional Forecasters – SPF) Avrozonada iqtisadi artım tempinin gözləniləndən zəif olacağını, inflyasiya proqnozlarının isə qismən yuxarı istiqamətdə yenidən nəzərdən keçirildiyini göstərib.

İyulun 1–6-sı tarixlərində keçirilən sorğuda Avropanın maliyyə və qeyri-maliyyə sektorlarını təmsil edən 53 ekspert iştirak edib.

Ekspertlərin proqnozuna əsasən, İstehlak Qiymətlərinin Həmahəngləşdirilmiş İndeksi (HICP) ilə ölçülən ümumi inflyasiya:

  • 2026-cı ildə – 2,7%
  • 2027-ci ildə – 2,2%
  • 2028-ci ildə – 2,0% olacaq.

2027-ci il üzrə inflyasiya proqnozu əvvəlki sorğu ilə müqayisədə 0,1 faiz bəndi yüksəldilib. 2026 və 2028-ci illər üzrə gözləntilər isə dəyişməyib.

Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiya üzrə proqnozlar isə belədir:

  • 2026-cı il – 2,4%
  • 2027-ci il – 2,2%
  • 2028-ci il – 2,1%

2026-cı il üzrə baza inflyasiya proqnozu əvvəlki qiymətləndirmə ilə müqayisədə 0,2 faiz bəndi artırılıb və Avrosistem əməkdaşlarının iyun ayında açıqladığı proqnozlara yaxınlaşıb.

Uzunmüddətli perspektivdə isə həm ümumi, həm də baza inflyasiya üzrə gözləntilər dəyişməyərək 2031-ci il üçün 2,0% səviyyəsində qalıb.

Sorğu iştirakçıları Avrozonada iqtisadi artımın əvvəlki gözləntilərdən daha zəif olacağını hesab edirlər.

Real ÜDM üzrə yeni proqnozlar:

  • 2026-cı il – 0,6%
  • 2027-ci il – 1,2%
  • 2028-ci il – 1,3%

Beləliklə, 2026-cı il üzrə iqtisadi artım proqnozu əvvəlki sorğu ilə müqayisədə 0,4 faiz bəndi, 2027-ci il üzrə isə 0,1 faiz bəndi azaldılıb. 2028-ci il üzrə proqnoz dəyişməz qalıb.

Ekspertlər Avrozonanın uzunmüddətli iqtisadi artım potensialını da aşağı qiymətləndiriblər. Onların hesablamalarına görə, 2031-ci ildə real ÜDM artımı 1,2% təşkil edəcək ki, bu da əvvəlki qiymətləndirmədən 0,1 faiz bəndi aşağıdır.

Əmək bazarı üzrə proqnozlar da qismən zəifləyib.

Ekspertlərin hesablamalarına görə, işsizlik səviyyəsi:

  • 2026-cı ildə – 6,3%
  • 2027-ci ildə – 6,3%
  • 2028-ci ildə – 6,2%
  • Uzunmüddətli perspektivdə – 6,1% olacaq.

2027 və 2028-ci illər üzrə işsizlik proqnozları əvvəlki sorğu ilə müqayisədə 0,1 faiz bəndi artırılıb.

Sorğu çərçivəsində Yaxın Şərqdə davam edən münaqişənin Avrozona iqtisadiyyatına mümkün təsiri də ayrıca qiymətləndirilib.

Ekspertlərin fikrincə, müharibənin dolayı və ikinci dərəcəli iqtisadi təsirləri əsasən 2026-cı ildə hiss olunacaq və ümumilikdə məhdud xarakter daşıyacaq.

Bununla yanaşı, 2026-cı il üzrə inflyasiya risklərinin yuxarı istiqamətli olduğu qeyd edilir. Sonrakı illərdə isə risk balansının daha neytral olacağı gözlənilir.

MONETAR.AZ