Ölkələr bazara yeni strateji neft ehtiyatları buraxacaqmı?

Ölkələr bazara yeni strateji neft ehtiyatları

Hörmüz boğazı vasitəsilə neft tədarükünün və Yaxın Şərqdə enerji infrastrukturunun fəaliyyətinin uzunmüddətli pozulması halında, Avropa sentyabr ayına qədər strateji neft ehtiyatlarının növbəti əlaqələndirilmiş şəkildə bazara buraxılmasına mühüm töhfə verə bilər. Bu barədə Citi analitikləri bildiriblər.

Qiymətləndirməyə görə, Avropanın mümkün töhfəsi əsasən neft məhsulları, xüsusilə dizel yanacağı ehtiyatlarının bazara çıxarılmasına yönələcək. Bu yanaşma Beynəlxalq Enerji Agentliyinin (BEA) hazırkı proqramından fərqlənəcək. Mövcud proqram əsasən ABŞ və Yaponiyanın təmin etdiyi xam neft tədarüklərinə söykənir.

Bununla belə, analitiklər ikinci əlaqələndirilmiş müdaxilənin hələlik qəti qərar olmadığını vurğulayırlar. Onların fikrincə, Avropa hökumətləri alternativ olaraq qalan strateji ehtiyatları qorumağı, yanacaq qiymətlərini subsidiya etməyi və ya enerji qiymətlərindəki artımın Vaşinqtonu İranla danışıqları bərpa etməyə təşviq edəcəyinə ümid etməyi üstün tuta bilərlər.

İran və ABŞ arasında əldə olunmuş anlaşma memorandumunun pozulması, eləcə də son iki həftədə hərbi qarşıdurmanın yenidən alovlanması fonunda neft məhsullarının qiymətləri kəskin yüksəlib. Hazırda qiymətlər 2026-cı ilin mart ayının sonunda qeydə alınmış pik səviyyələrdən cəmi 10–15% aşağıdır.

Analitiklərin məlumatına görə, BEA-nın ümumi həcmi 400 milyon barel olan əlaqələndirilmiş strateji ehtiyat buraxılışı proqramı yekun mərhələyə daxil olub və yaxın bir-iki ay ərzində başa çatmalıdır. Əlavə həcmlərin bazara çıxarılması fiziki neft bazarlarında gərginliyi müəyyən qədər azaldaraq Hörmüz boğazındakı kəsintilərin qlobal qıtlığa səbəb olacağı ilə bağlı narahatlıqları zəiflədib.

Mart ayında proqram elan edilərkən BEA üzvlərinin strateji ehtiyatları təxminən 1,8 milyard barel təşkil edirdi. Bunun 1,2 milyard bareli dövlət strateji rezervlərinin, təxminən 600 milyon bareli isə dövlət öhdəlikləri çərçivəsində şirkətlər tərəfindən saxlanılan ehtiyatların payına düşürdü.

Proqram dövlət ehtiyatlarından 280 milyon barel, şirkətlərin nəzarətində olan strateji rezervlərdən isə 119 milyon barel həcmində neft və neft məhsullarının bazara buraxılmasını nəzərdə tuturdu. Həmin ehtiyatlar kommersiya terminallarında saxlanılsa da, əvvəllər onlardan sərbəst istifadə mümkün deyildi.

İyul ayına olan məlumatlara əsasən, dövlət strateji ehtiyatlarının həcmi artıq təxminən 170 milyon barel azalıb. Orta gündəlik buraxılış tempi 1,1 milyon barel təşkil edib, aprel ayında isə bu göstərici sutkada 2,7 milyon bareldən çox olmaqla maksimum səviyyəyə yüksəlib.

Citi hesab edir ki, mövcud proqram başa çatdıqdan sonra istehlakçı ölkələrin yeni strateji ehtiyat buraxılışına ehtiyac duyub-duymayacağı əsasən Hörmüz boğazında gəmiçiliyin vəziyyətindən və regionun enerji infrastrukturunda yaranacaq risklərin miqyasından asılı olacaq.

MONETAR.AZ