Dünya Çempionatından ən çox onlar qazandı

 Dünya Çempionatından

FİFA 2026 Dünya Çempionatı rəsmi sponsor şirkətlər üçün əhəmiyyətli marketinq və brend dəyəri artımı ilə yadda qalıb. "Brand Finance" şirkətinin açıqladığı hesablamalara əsasən, təhlil edilən 21 sponsorun ümumi brend dəyəri turnir dövründə təxminən 7,2 milyard ABŞ dolları artıb.

Hesabata görə, ən böyük artım "Aramco" şirkətində qeydə alınıb. Şirkətin brend dəyəri təxminən 1,1 milyard ABŞ dolları yüksələrək ilin əvvəlindəki 47,3 milyard dollardan 48,4 milyard dollara çatıb.

Siyahıda ikinci yerdə "Verizon" qərarlaşıb. Şirkətin brend dəyəri 1 milyard ABŞ dolları artaraq 74 milyard ABŞ dollarına yüksəlib. İlk üçlüyü isə "Hyundai" tamamlayıb. Avtomobil istehsalçısının brend dəyəri 836 milyon ABŞ dolları artıb.

İlk dördlükdə yer alan "Coca-Cola" isə 733 milyon ABŞ dolları məbləğində əlavə brend dəyəri əldə edib. Məlumata görə, bu dörd şirkət sponsorlar arasında qeydə alınan ümumi artımın yarıdan çoxunu təmin edib.

Reytinqdə sonrakı yerləri "Bank of America" (631 milyon ABŞ dolları), "Visa" (532 milyon ABŞ dolları), "Home Depot" (402 milyon ABŞ dolları), "Kia" (365 milyon ABŞ dolları), "McDonald's" (309 milyon ABŞ dolları) və "Lenovo" (295 milyon ABŞ dolları) tutub.

Hesabatda qeyd olunur ki, mütləq məbləğ baxımından böyük artım əldə etməsə də, "Lenovo" faiz göstəricisinə görə sponsorlar arasında lider olub. Şirkətin brend dəyəri ilin əvvəli ilə müqayisədə 4,2 faiz yüksəlib. "Kia" (3,5 faiz) və "Hyundai" (3,4 faiz) da yüksək nisbi artım nümayiş etdirən şirkətlər sırasında yer alıb.

Araşdırmaya əsasən, "Hisense" cəmi 19 milyon ABŞ dolları brend dəyəri qazansa da, 2,1 faizlik artım göstəricisi sponsorların orta səviyyəsini üstələyib. Siyahının sonunda isə "Globant" (7 milyon ABŞ dolları), "Marriott" (20 milyon ABŞ dolları) və "Hisense" qərarlaşıb.

Mütəxəssislərin fikrincə, FİFA Dünya Çempionatı milyonlarla tamaşaçıya çıxış imkanı yaratdığı üçün rəsmi sponsor şirkətlərə qlobal tanınma, istehlakçı etibarının güclənməsi və brend dəyərinin artması baxımından mühüm üstünlüklər qazandırır.

MONETAR.AZ