Apple ABŞ bazarında rəsmi olaraq Apple Upgrade lizinq proqramını istifadəyə verib. Şirkətin açıqlamasına əsasən, aylıq lizinq ödənişləri iPhone üçün 17,99 dollardan, Apple Watch və iPad üçün 11,99 dollardan, Mac kompüterləri üçün isə 24,99 dollardan başlayır.
Şirkət bildirir ki, proqrama ilk dəfə qoşulan müştərilər köhnə cihazlarını Apple Trade In proqramı vasitəsilə təhvil verərək aylıq ödənişlərini daha da azalda bilərlər. Bundan əlavə, ödənişlər Apple Card ilə həyata keçirildikdə istifadəçilərə 3% keşbek təqdim olunur.
Apple-ın belə bir lizinq proqramını istifadəyə verəcəyi barədə daha əvvəl mənbələrə istinadən Bloomberg məlumat yaymışdı. Agentliyin xəbərinə görə, proqramın maliyyə tərəfdaşı Klarna Group olacaq. Apple sonradan bu məlumatı rəsmi şəkildə təsdiqləyib.
Bundan sonra 9to5Mac portalı iOS 27-nin beta versiyasında lizinq əsasında təqdim edilən Apple cihazlarının istifadəsini məhdudlaşdırmağa imkan verən yeni proqram kodunun aşkar edildiyini bildirib.
Məlumata görə, istifadəçi lizinq ödənişlərini gecikdirdikdə və ya müqavilə şərtlərini pozduqda bu funksiya cihazdakı tətbiqlərin əksəriyyətinə girişi müvəqqəti məhdudlaşdıra bilər. Məhdudiyyətlərin ödəniş və ya müqavilə ilə bağlı problem aradan qaldırıldıqdan sonra ləğv ediləcəyi ehtimal olunur.
MONETAR.AZ