ABŞ birjalarında eniş: FED-in qərarı bazarları sarsıtdı

ABŞ birjalarında eniş: FED-in qərarı

ABŞ fond indeksləri Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti qərarı və texnologiya nəhənglərinin maliyyə hesabatları ərəfəsində ticarət sessiyasını enişlə başa vurub.

Monetar.az xəbər verir ki, S&P 500 və Nasdaq 100 indeksləri 0,7 faiz dəyər itirib, Dow Jones isə 900 bənd geriləyib.

İnvestorlar bazar bağlandıqdan sonra maliyyə nəticələrini açıqlayacaq Microsoft və Meta şirkətlərinin hesabatlarını gözləyiblər. Süni intellekt infrastrukturu sahəsinə böyük həcmdə investisiyaların davamlılığı ilə bağlı narahatlıqlar son günlər texnologiya sektorunda satış təzyiqini artırıb.

Bu arada yarımkeçirici istehsalçıları da ucuzlaşıb. Micron, Applied Materials və Sandisk səhmləri Cənubi Koreyanın SK Hynix şirkətinin zəif nəticələrinin təsiri ilə 4–8 faiz arasında dəyər itirib.

FED-in faiz dərəcəsini dəyişməməsi və iclas zamanı 3 üzvün faiz artımının lehinə səs verməsi bazarlarda qeyri-müəyyənliyi artırıb. Eyni zamanda, ABŞ və İran arasında gərginliyin yenidən yüksəlməsi fonunda neft qiymətlərinin bahalaşması inflyasiya riskləri ilə bağlı narahatlıqları gücləndirib.

Bununla yanaşı, Visa şirkətinin səhmləri son rüb üzrə gəlirlərinin artmasını açıqlamasından sonra təxminən 1 faiz bahalaşıb.