Qlobal dizel qıtlığı ABŞ-da benzin qiymətlərinə də təsir edir
Qlobal dizel yanacağı qıtlığı ABŞ-da yalnız dizel istifadəçilərinə deyil, benzinlə işləyən avtomobil sahiblərinə də təsir göstərir.
Monetar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazıb.
Məlumata görə, son aylarda dizel yanacağının qiyməti Hörmüz boğazı vasitəsilə tədarükdə yaranan fasilələr və Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr fonunda kəskin bahalaşıb.
Əvvəllər dünya dizel ixracının 10 faizdən çoxunu təmin edən Rusiya enerji obyektlərinə hücumlar səbəbindən ixracı dayandırıb. Bu isə qlobal bazarda təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olub.
Ekspertlər bildirirlər ki, neft emalı zavodları hər barel nefti benzin, dizel və aviasiya yanacağına çevirir. İstehsal həcmləri bazardakı qiymət siqnallarından asılı olaraq dəyişir. Dizel istehsalının artırılması, adətən, benzin və digər neft məhsullarının istehsalının azalması ilə nəticələnir.
ABŞ-da fəaliyyət göstərən tipik neft emalı zavodları adətən dizellə müqayisədə təxminən iki dəfə çox benzin istehsal edir. Lakin hazırda dizel istehsalından əldə olunan mənfəət marjası tarixi maksimumlara yaxınlaşdığı üçün emalçılar istehsalın bir hissəsini dizelə yönəltməyə üstünlük verirlər.
Analitiklərin fikrincə, bu tendensiya benzin bazarında təklifə təsir göstərərək qiymətlər üzərində əlavə təzyiq yarada bilər.