Yaxın Şərqdə gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti kəskin yüksəlib.
Monetar.az xəbər verir ki, Brent markalı xam neftin bir barelinin qiyməti 7 faizdən çox artaraq 85 ABŞ dolları ətrafına yüksəlib. Bununla da neft qiymətləri ardıcıl üç günlük enişdən sonra yenidən artım nümayiş etdirib.
Qiymət artımına ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt cavab tədbirləri ilə bağlı açıqlaması təkan verib. ABŞ ordusu isə İran tərəfindən Yaxın Şərqdə yerləşən Amerika hərbçilərinə qarşı təşkil edildiyi bildirilən hücumun qarşısının alındığını açıqlayıb.
Bununla yanaşı, İrana bağlı silahlı qrupların ardıcıl ikinci gündür Səudiyyə Ərəbistanının şərq bölgəsindəki neft obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum etdiyi bildirilir.
Bazarda narahatlığı artıran digər amil isə Yəməndə fəaliyyət göstərən husilərin Qırmızı dənizdən keçən gəmilərdən ödəniş alınmasını nəzərdən keçirməsi ilə bağlı məlumatlardır. İranın da Hörmüz boğazından keçən gəmilər üçün oxşar rüsum tətbiq etmək niyyətində olduğu qeyd edilir.
Digər tərəfdən, ABŞ Neft İnstitutunun (API) açıqladığı məlumatlara əsasən, ölkədə xam neft ehtiyatları ötən həftə 3,3 milyon barel azalıb. Bu da qlobal bazarda təklifin məhdud olaraq qaldığına dair gözləntiləri gücləndirib.