ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul ayı üzrə pul siyasəti iclasında uçot dərəcəsini gözləntilərə uyğun olaraq dəyişməyib.
Monetar.az xəbər verir ki, FED federal fondlar üzrə hədəf faiz dərəcəsini 3,50–3,75 faiz intervalında sabit saxlayıb. Bununla da tənzimləyici ardıcıl beşinci iclasında faiz dərəcəsini dəyişməmək qərarı verib.
Federal Açıq Bazar Komitəsinin (FOMC) qərarı 9 lehinə, 3 əleyhinə səslə qəbul edilib. Dallas Federal Ehtiyat Bankının prezidenti Lori Loqan, Klivlend Federal Ehtiyat Bankının prezidenti Bet Hammak və Minneapolis Federal Ehtiyat Bankının prezidenti Nil Kaşkari faiz dərəcəsinin 0,25 faiz bəndi artırılmasının tərəfdarı olublar.
Komitənin bəyanatında qiymət sabitliyinin təmin edilməsinə sadiqlik bir daha vurğulanıb. Bildirilib ki, inflyasiya riskləri diqqətlə izlənilir və gələcək qərarlar daxil olan makroiqtisadi məlumatlardan asılı olacaq.
FED-in sədri Kevin Varş mətbuat konfransında inflyasiya hədəfindən geri çəkilməyəcəklərini bildirib. Onun sözlərinə görə, inflyasiyanın davamlı şəkildə hədəf səviyyəsinə qayıtması zaman tələb edir və zərurət yaranacağı təqdirdə faiz dərəcələrinin artırılması da gündəmdə ola bilər.
Bu iclas həm də 2016-cı ildən bəri pul siyasəti qərarı ilə bağlı eyni istiqamətdə 3 fərqli etiraz səsinin qeydə alındığı ilk iclas kimi tarixə düşüb.