Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə və Rusiyada müşahidə olunan işçi qüvvəsi çatışmazlığının aradan qaldırılması üçün kənd təsərrüfatında robotlaşdırmanın genişləndirilməsini təklif edib.
Monetar.az xəbər verir ki, Lukaşenko bu barədə Minskdə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa ilə görüşü zamanı danışıb.
Prezident bildirib ki, həm Belarusda, həm də Rusiyada əmək resurslarının çatışmazlığı ciddi problem olaraq qalır. Onun sözlərinə görə, yaxın gələcəkdə demoqrafik vəziyyətin sürətlə yaxşılaşacağını gözləmək real deyil.
Lukaşenko qeyd edib ki, təsərrüfatlarda robot texnologiyalarının tətbiqi bir sıra sahələrdə insan əməyini əvəz edə bilər. O vurğulayıb ki, Belarus bu istiqamətdə müəyyən təcrübə toplayıb və maraq olduğu təqdirdə həmin həlləri Rusiya ilə bölüşməyə, eləcə də müvafiq avadanlıqların tədarükünü təmin etməyə hazırdır.
Belarus lideri daha əvvəl də ölkədə kadr çatışmazlığı probleminə toxunaraq bəzi regionlarda bu məsələnin Özbəkistandan əmək miqrantlarının cəlb edilməsi hesabına həll oluna biləcəyini bildirmişdi. Onun sözlərinə görə, gələn işçilərin bir hissəsinin yerində peşə hazırlığından keçməsi tələb oluna bilər.
Lukaşenko eyni zamanda bu təşəbbüsün cəmiyyətdə birmənalı qarşılanmadığını etiraf edib. O, kənd həyatından uzaq böyüyən gənclərin kənd təsərrüfatı işləri barədə kifayət qədər praktiki biliklərə malik olmadığını da vurğulayıb.